Ölkə kubokunda yeni mərhələ: Qızıla 3 iddialı və yüksəkliyə həsrət “təyyarəçilər”
26.04.2010 - 11:52
Ölkə kubokunda yeni mərhələ: Qızıla 3 iddialı və yüksəkliyə həsrət “təyyarəçilər”
Sabah Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsinin startı veriləcək. Apasport.az saytının məlumatına görə, yarımfinal iştirakçılarından “Xəzər-Lənkəran”, “İnter” və “Bakı” çempionluq uğrunda mübarizə apardığı halda, “Olimpik-Şüvəlan” ilk “altılığ”a düşmədiyi üçün hətta medal qazanmaq imkanından məhrumdur. Bu səbəbdən “təyyarəçilər”in avrokuboklara yeganə yolu məhz ölkə kubokundan keçir.

Deməli, turnir Nazim Süleymanovun çalışdırdığı komanda üçün böyük əhəmiyyət kəsb edir. Üstəlik, onun “Xəzər-Lənkəran”ın ilk baş məşqçi olması, iki müxtəlif vaxta bu komandanı çalışdırması görüşün prinsipiallığını artırır. “Olimpik-Şüvəlan”ı Lənkəranda çətin sınaq gözlədiyindən, öz meydanında mütləq üstünlük qazanmalıdır. Unibank Premyer Liqasının vahid lideri olan “Xəzər-Lənkəran” isə mövsümü “qızıl dubl”la başa vurmaq iddiasındadır. Bu mənada çempionluqla yanaşı, ölkə kubokunun da qazanmaq qarşıda duran vəzifədir.

“İnter” və “Bakı” isə növbəti paytaxt derbisinin iştirakçısı olacaqlar. Hər iki paytaxt təmsilçisinin ölkə çempionatının sonuna üç tur qalmış ən pis halda, bürünc mükafatçı olmaq şansı yüksəkdir. Belə olan halda, “İnter”lə “Bakı” avtomatik Avroliqaya vəsiqə qazanacaq. Ancaq buna ölkə kubokunun finalına çıxmaqla da nail olmaq olar. Belə ki, “Xəzər-Lənkəran”ın finala çıxmaqla yanaşı, çempion olmaq şansı yüksəkdir. Bu gerçəkləşərsə, “İnter” – “Bakı” cütünün qalibi ölkə kubokunun finalçısı kimi Avroliqaya vəsiqə qazanacaq. Özü də həmin komandanın turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacağını nəzərə alsaq, finala vəsiqənin əhəmiyyəti böyükdür.

27 aprel
16:00. “Olimpik-Şüvəlan” – “Xəzər-Lənkəran”

Bakı. “Şəfa” stadionu

18:00. “Bakı” – “İnter”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
0