Elxan Məmmədov: Ola bilər ki, çempionatın formatı dəyişməsin
26.04.2010 - 12:45
Elxan Məmmədov: Ola bilər ki, çempionatın formatı dəyişməsin
“Unibank Premyer Liqasına yeni formatın tətbiq ediləcəyini indidən dəqiq demək olmaz. Bəlkə də elə indiki format qaldı”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

İcraiyyə Komitəsinin sabah keçirilməli olan, ancaq sonradan təxirə salınan iclasının gündəliyində əsas məsələ ölkə çempionatının yeni formatının müzakirə edilməsi ilə bağlıdır. Məmmədovun sözlərinə görə, bu, gələn mövsümdən “altılıq” sisteminin dəyişdiriləcəyi anlamına gəlməməlidir: “Bu, sadəcə, müzakirə olacaq və İcraiyyə Komitəsinin hər bir üzvü öz fikrini deyəcək. Bildiyiniz kimi, AFFA prezidenti Rövnəq Abdullayev hələ əvvəldən bəyan etmişdi ki, çempionatın formatını mövsümün sonuna yaxın müzakirə edəcəyik. Biz də bunu reallaşdıraraq, məsələni kollegial şəkildə həll edəcəyik. İstədik ki, çempionatın formatı ilə bağlı məsələsi ayrı bir günə salıb, arxayın müzakirə edək”.

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclasının bu həftə keçirilməsi planlaşdırılıb.
0