“İnter”lə görüş bizim üçün çətin olacaq”
26.04.2010 - 16:01
“İnter”lə görüş bizim üçün çətin olacaq”
“İnter”lə sabahkı görüş yeni bir derbi oyunu olacaq. Azərbaycan kubokunda da uğurla çıxış edib, nəticə qazanmaq istəyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.

Unibank Premyer Liqasının final mərhələsində komandanın sükanı arxasına gətirilən türkiyəli çalışdırıcı Azərbaycan kubokunda debüt edəcək. İlk oyunda uğur qazanmaq istəyən Biçər bunun üçün “İnter”i yarımfinalda öz meydanında məğlub etməlidir. O, çempionatda olduğu kimi, ölkə kubokunda da rəhbərliyin etimadını doğrultmaq istəyir: “Qarşıya qoyduğumuz hədəfə çatmaq istəyirik. Düzdür, “İnter”lə görüş bizim üçün çətin olacaq. Kubok daha fərqli turnirdir. Burada qalib bir yox, iki oyunun nəticəsinə əsasən müəyyənləşir. Yəni istənilən halda, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Aydın məsələdir ki, evdə qol buraxmamağımız lazımdır. Ancaq əsas məsələ qələbə qazanmağımızdır”.

Biçərin fikrincə, turnirdə mübarizə aparmaq onlar üçün çox faydalı olacaq: “20-25 gündə 6-7 oyun keçirməliyik. Bu, elə də asan olmasa da, hər halda, sınaqdan üzüağ çıxmağa çalışacağıq. Məşq prosesini bu gərgin qrafikə uyğun qurub, futbolçuları növbəliliklə oynadıb, bəzilərinə istirahət verməyimiz mümkündür”.

“Bakı”nın braziliyalı yarımmüdafiəçisi Fabio Luis Ramin son turda “Neftçi” ilə görüşdə heç ehtiyat oyunçular skamyasında yer almayıb. Biçər milli komandamızın üzvünün “İnter”lə ilk kubokunu oyunu buraxacağını da istisna etməyib: “Fabio ayağındakı zədəyə görə kənarda qalmışdı. Ola bilsin ki, “İnter”lə görüşdə də meydana çıxmadı. Ancaq Premyer Liqanın növbəti turunda “Qəbələ” ilə oyunda onun xidmətindən istifadə edəcəyik. Müdafiəçimiz Elvin Əliyevin isə kubokda vərəqə limitini aşdığından cəzalıdır və bu səbəbdən oynamayacaq”.
0