Vüqar Nadirov “Qarabağ”ın şansını dəyərləndirdi
26.04.2010 - 17:44
Vüqar Nadirov “Qarabağ”ın şansını dəyərləndirdi
“Qəbələ” ilə matçda demək olar ki, tək qapı oynadıq. Əldə etdiyimiz qol imkanlarından istifadə edə bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirov deyib.

Zədəli olduğu üçün son qarşılaşmalarda forma geyinə bilməyən 23 yaşlı hücumçu əsas heyətdəki yerini qaytaracağını düşünür. “Qəbələ” ilə oyunun son 6 dəqiqəsində meydanda olan Nadirov yavaş-yavaş zədəsini bərpa etdiyini bildirib: “Bildiyiniz kimi, zədəli olduğum üçün milli komandanın seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edə bilmədim. Bununla bağlı baş məşqçi Berti Foqtsla söhbətim oldu. Məni anlayışla qarşıladı. Dedi “get klubunda zədəni tam bərpa et”. Artıq özümü yaxşı hiss edirəm. Əsas heyətdəki yerimi qaytarmaq üçün səylə çalışıram”.

Zədəli olduğu üçün millinin toplanışında iştirak etməyən, ancaq “Qarabağ”ın ev oyununda forma geyinən Vüqar bunu təbii qarşılayır: “Qəbələ” ilə oyunda tam hazır olmasam da, məşqçilər və özüm çox istəyirdim ki, meydana çıxım. Düşünmürəm ki, bu gələcəkdə mənə problem yaratsın. Çünki zədəli olduğumu və məşqlərdə iştirak edə bilməyəcəyimi baş məşqçiyə demişdim”.

Futbolçu komandasının medallara olan iddiasından danışaraq, az da olsa çempionluq şanslarının qaldığını vurğulayıb: “Çempionat oyunlarını bilmək olmur. Hər nəticə qeydə alınır. Kim deyə bilərdi ki, son oyunlarda heç-heçə qeydə alınacaq? Bəlkə qarşıdakı turlarda rəqiblər xal itirdi? Düzdür, çempionluq şansımız elə də yüksək deyil. Ancaq çalışacağıq ki, avrokuboklara vəsiqə qazanaq”.
0