“İngiltərə yığmasını məğlub edəcəyik”
07.05.2010 - 15:47
“İngiltərə yığmasını məğlub edəcəyik”
Avropa çempionatının təsnifat mərhələsində İngiltərəni sınağa çəkəcək Azərbaycanın kişilərdən ibarət yığma komandası bu gün hazırlıqlarını başa çatdıracaq. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Sahib Əliyev məlumat verib.

Baş məşqçi mayın 8-də keçiriləcək oyuna yetirmələrini hazır sayır. Yığma ilə birgə “Azərneft”i də çalışdıran Əliyev bunun üçün oyunda çətinlik çəkməyəcəklərini bildirib: “Sabah baş tutacaq oyuna komanda hazırdır. Yığmanın əsasını “Azərneft” komandası təşkil etdiyindən görüşdə elə bir problem olmayacaq. Voleybolçular bir qədər oyun təcrübəsindən çətinlik çəkə bilərlər. Lakin az öncə Gürcüstanda keçirdiyimiz təlim-məşq toplanışı bu sahədə bizə kömək oldu”.

Baş məşqçinin sözlərinə görə, yeni yaradılan İngiltərə yığması onun üçün sirli qutudur. Əliyev hətta rəqib haqqında məlumatlarının olmadığını və onların heç bir oyunlarını izləmədiyini bildirib: “Rəqib barədə heç bir məlumatım yoxdur. Onların necə oynadıqlarını və aparıcı voleybolçularının kimlər olduğunu bilmirəm. Yalnız komandanın yeni yaradılmasını və heyətinə milliləşdirilmiş voleybolçuların cəlb edildiyini öyrənmişəm. Bundan əlavə, ingilislərin heyətində İspaniya, İtaliya, Belçika və Yunanıstan çempionatlarında çıxış edən oyunçuların olduğunu bilirəm”.

Futbolla müqayisədə voleybolda zəif olan İngiltərəni məğlub etməyin elə də çətin olmadığını söyləyən baş məşqçi qələbə qazanacaqlarına da söz verib: “Görüşə qələbə üçün çıxacağıq. Məncə, oyunun çətin keçəcək və Azərbaycan komandası qalib gələcək. Lakin növbəti mərhələyə çıxmağa gəlincə, şanslarımız eynidir”.
0