“32”lər: Quqlemonun oynadığı komandadan heç nə gözləməyin!
08.05.2010 - 23:01
“32”lər: Quqlemonun oynadığı komandadan heç nə gözləməyin!
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin başlamasına 33 gün qalıb. Mundialın iştirakçılarını oxucularına təqdim edən apasport.az saytı Uruqvay yığmasını sizlərlə tanış edir. Cənubi amerikalılarla A qrupunun təqdimatı başa çatır.

Dosye
Federasiya: Asociacion Uruguaya de Futbol (Uruqvay Futbol Assosiasiyası)
Federasiya prezidenti: Sebastyan Bausa
Yaranma tarixi: 1900-cu il
1923-cü ildən FİFA, 1916-cı ildən CONMEBOL-un üzvüdür.
Ləqəbi: La selesta
Rəngləri: səma-mavilər
Baş məşqçi: Oskar Vaşinqton Tabares
Tarixinin ilk oyunu: Argentina 2:3 (1901-ci il)
Yığmada ən çox oyun keçirənlər: Rodolğfo Rodriqes (79), Fabian Karini (74), Entso Françeskoli (72)

Yığmada ən çox qol vuranlar: Ektor Skarone (31), Sebastyan Abreu (28), Anxel Romano (28)
Əfsanələri: Diyeqo Forlan, Alvaro Rekoba, Massali, Rodolfo Rodriges, Pereqrino Anselmo, Ballesteros, Nasassi, Maskeroni, Varela, Qambetta, Xulio Peres, Maspoli, Matias Qonsales, Viktor Andrade…

Nailiyyətləri
Səma-mavilər ilk dünya çempionatının meydan sahibi və qalibi kimi tarixə düşüb. 1930-cu ildəki yarışın finalında Argentinanı 4:2 hesabı ilə məğlub edən La selesta 20 il sonra ikinci dəfə mundialın qalibi oldu. Bu dəfə onlar məşhur “Marakana” stadionunda qeydə alınan tamaşaçı rekorduna baxmayaraq, meydan sahiblərini məğlub edib – 2:1. 200 mindən artıq azarkeşin izlədiyi oyundan sonra sambaçılardan biri oyunu belə şərh edib: “Qonaqların ikinci qolundan sonra tribunalara sükut çökdü. Sanki qurbağa gölünə daş atmışdılar. Milçəklərin səsi də eşidilirdi”. Məğlubiyyətin şokundan stadionda olan fanatlardan üçü infarktdan, biri isə özünü öldürməklə dünyasını dəyişdi.

Həmin zəfərdən keçən 60 ildə uruqvaylılar yalnız dünya dördüncüsü olmaqla, kifayətlənib. Onlar 1954 və 1970-ci illərdə buna nail olub. La selesta sonuncusu 15 il əvvəl olmaqla, 14 dəfə (1916, 1917, 1920, 1923, 1924, 1926, 1935, 1942, 1956, 1959, 1967, 1983, 1987, 1995) Cənubi Amerika çempionu titulunu qazanıb. Bundan başqa səma mavililərin 1924 və 1928-ci illərdə qazanılan olimpiya çempionu titulları da var.

DÇ yolunda
Mundialın seçmə mərhələsində Cənubi Amerika yığmaları bir qrupda mübarizə aparırdı. 10 komandalı turnirdə ilk 4 yeri tutanlar birbaşa CAR-a vəsiqə qazanacaq, 5-ci pillənin sahibi isə CONCACAF-ın 4-cüsü ilə pley-off oynayacaqdı. Uruqvaylılar seçmə mərhələyə Boliviya üzərində darmadağınla (5:0) növbəti 4 matçda uğursuzluq zolağına düşdü. Evdə heç-heçə, səfərdə məğlubiyyət prinsipinin keçərli olduğu bu müddətdə Paraqvay (0:1), Çili (2:2), Braziliya (1:2), Venesuela (1:1) ilə oyunlar baş tutdu. Səma-mavilər yalnız bundan sonra, vəziyyətlərini çətinləşdirəndən sonra sanki ayıldı. Perunu evdə (6:0), Kolumbiyanı (1:0) səfərdə məğlub edən ikiqat dünya çempionları Ekvadorun Montevideodan xalla ayrılmasına (0:0) mane ola bilmədi.

Sonradan Argentina (1:2) və Boliviya (2:2) ilə səfər oyunlarında cəmi 1 xal qazanan Uruqvay futbolçuları Paraqvayı Forlanın dublu ilə məğlub edərək (2:0), durumunu sabitləşdirdi. Lakin ardıcıl 4 qarşılaşmada - Çili (0:0), Braziliya (0:4), Venesuela (2:2) və Peru (0:1) ilə oyunlarda cəmi 2 xalın qazanılması, səma-mavililərin CAR arzularını kölgə altına saldı. Yalnız Kolumbiya (3:1) və Ekvador (2:1) üzərindəki qələbələr ikiqat dünya çempionlarını arxayınlaşdırdı. Son turda Argentinaya 0:1 hesablı məğlubiyyət isə onları pley-offa ümid etməyə məcbur etdi. Burada isə La selesta Kosta-Rikanı səfər qələbəsi sayəsində dayandıra bildi – 1:0, 1:1.

Müdafiədən hücuma
Üç il əvvəl Tabaresin baş məşqçi təyinatı Uruqvay futbol ictimaiyyətində nikbinliklə qarşılanmışdı. Komandada islahatlar aparacağını elə ilk gündən açıqlayan mütəxəssisin La selestanı ağ günə çıxaracağına ümidlər böyük idi. Son illərdə müdafiə futboluna üstünlük verən millisinin hücuma meylli oyuna üstünlük verməsini istəyən mütəxəssis 4-3-3 taktiki sxeminə keçməyə qərar verdi. Elə həmin il keçirilən Amerika kubokundakı 4-cü yer də bunun nəticəsində əldə olundu.

Səma-mavilərin hücum xəttində Sebastyan Abreu, Diyeqo Forlan, Luis Suares “üçlüy”ü yer alır ki, onların məhsuldarlığına söz ola bilməz. Digər mövqelərlə bağlı Tabaresin axtarışlarının hələ də yekunlaşmadığını söyləmək olar. Rəqibdən asılı olaraq, 4-3-3-ü tez-tez 3-4-3 ilə əvəzləyən çalışdırıcı orta sahədə sıxlıq yaratmaqla, nəticə qazanmaqdan da çəkinmir. Yarımmüdafiə xəttində Valter Qarqanoya daim güvənən Tabares üçün Dieqo Pereslə Kristian Rodriges də aparıcı müdafiəçilər sayılır.

Çərçivə isə uruqvaylıların yaralı yeridir. Seçmə mərhələdə 4 qapıçıya güvənən La selestanın qapısının CAR-da kimə tapşırılacağı hələ də sual doğurur. Mərkəz müdafiəçiləri Dieqo Luqano ilə Dieqo Qodinin yeri isə demək olar ki, toxunulmaz sayılır. Əvəzində cinahlarda çıxış edən Maksi Pereyra, Bruno Silva, Xorxe Fusile və Martin Kaseres arasında seçimlə bağlı qeyri müəyyənlik hökm sürür.

Bütün bunlar göstərir ki, özünə xas müdafiə üslubunu hücum futboluna dəyişmək istəyən Uruqvay yığması mundiala sınıq-salxaq vəziyyətdə gedir. Yalnız təhlükəli hücum xətti komandanı arxasınca daşıya bilər.

Oyunlarının təqvimi
11.06.2010 Fransa
16.06.2010 CAR
22.06.2010 Meksika

Uruqvay və biz
Azərbaycan və Uruqvay komandaları indiyədək heç vaxt bir-biri ilə üz-üzə gəlməyib. Lakin bu ölkədən olan futbolçular bizlərə yaxşı tanışdır. Ən azı klublarımızın heyətlərində oynamış və hələ də oynamaqda olan uruqvaylılara əsasən müəyyən fikir yürütmək olar. Bu ölkədən Azərbaycana gələnlərin hücumçu olması Tabaresin digər mövqelərlə bağlı nələr çəkdiyinin təcəssümü də sayıla bilər. Vaxtilə “Standard”da parlamış Sebastyan Martines və Anxel Qutyerres, “İnter”in kəşfləri Roman Quello ilə Valter Quqlemon Uruqvay futbolunun nəyə qadir olduğunu ölkəmizdə vurduğu qollarla sübut edib. Sebastyanla Roman artıq okeanın o tayına dönsə də, Anxel “İnter”, Valter “Neftçi”də əvvəlki günlərinin nostaljisini yaşayır. Avropa Liqasında 2 qol vurduqdan sonra “sönən” Qutyerres kimi, Quqlemon da hazırda heyətə düşməklə bağlı çətinliklərlə üzləşib. Ötən il Unibank Premyer Liqasının ən yaxşı bombardiri olan Valter 9 il əvvəl Uruqvay milli komandasının şərəfini də qoruyub. O, bu komanda ilə Amerika Kubokunun yarımfinalçısı da olub.

Apasport.az-ın proqnozu: mundialda çıxışını qrup mərhələsində dayandıracaq.

Vüqar XEYRULLAYEV
0