Dünya kubokuna 32 namizəd: Pirat gəmisi
10.05.2010 - 10:00
Dünya kubokuna 32 namizəd: Pirat gəmisi
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin startına 32 gün qalıb. Apasport.az saytı mundial iştirakçılarının təqdimatını B qrupunun komandaları ilə davam etdirir. Bu gün Yunanıstan yığması ilə daha yaxından tanış olacağıq.

Dosye
Federasiya: Hellenic Football Federation (Yunanıstan Futbol Federasiyası)
Federasiya prezidenti: Sofoklios Plavios
Yaranma tarixi: 1926.
1927-ci ildən FİFA-nın, 1954-cü ildən UEFA-nın üzvüdür.
Ləqəbi: Ellinlər, pirat gəmisi
Rəngləri: ağlar
Baş məşqçi: Otto Rehagel
Tarixinin ilk oyunu: İtaliya 1:4 (1929-cu il)
Yığmada ən çox oyun keçirənlər: Teodoris Zaqorakis (120), Angelos Basinas (100), Stratos Apostalakos (96)
Yığmada ən çox qol vuranlar: Nikos Anostopulos (29), Angelos Xaristeas (23), Dmitris Saravakos (22)
Məşhur oyunçuları: Georgios Karaqunis, Teodoris Zaqorakis, Angelos Basinas, Nikos Anostopulos, Angelos Xaristeas, Antonios Nikopolidis, Teofanis Gekas

Nailiyyətləri
CAR-dakı turnir yunanlar üçün ikinci mundial olacaq. 1994-cü ildə olduğu kimi, yenə onların qrupdakı rəqibləri sırasında Argentina və Nigeriya da var. 16 il əvvəl hər 3 matçı ümumi 0:10 hesabı ilə uduzan Ellada futbolçuları artıq əvvəlki kimi final mərhələsinin təsadüfi qonağı sayılmır. Çünki bu müddətdə onlar Otto Rehagel kimi “sehrbaz”la “sevda”ya girib. Məhz alman mütəxəssisin taktikası sayəsində 6 il əvvəl Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medalları “pirat gəmisi” qazandı. Bundan əvvəlki (1980) və sonrakı (2008) qitə birinciliklərinin final mərhələlərində isə onlar qrup mərhələsini də adlaya bilməyib.

DÇ yolunda
Rehagelin yetirmələri seçmə mərhələdə İsveçrə (1:2, 0:2), İsrail (2:1, 1:1), Latviya (5:2, 2:0), Lüksemburq (2:1, 3:0), Moldova (3:0, 1:1) komandaları ilə mübarizə apardı. Yalnız qrup qalibi olan isveçrəlilərlə matçlarda uduzan sabiq qitə çempionları evdə qazandıqları 12 xalın köməyi ilə qrup ikincisi ola bildi. Moldova və İsraildəki xal itkilərinə görə birinci ola bilməyən yunanlar pley-offda Ukrayna ilə görüşməli oldu. Öz meydanında zəif oynayıb qolsuz heç-heçə ilə kifayətlənən Rehagelin yetirmələri gözlənilmədən Donetskdən qalib ayrıldı. Minimal hesablı qələbə onların CAR-a vəsiqə qazanmasına imkan verdi.

Dəyişməz taktika
Yunanıstan futbolçularının CAR-da da qapalı futbol göstərəcəyi şübhə doğurmur. Ən azı 2001-ci ildən yığmanı çalışdıran Rehagelin rəhbərliyi dövründə onların taktikanı dəyişəcəkləri inandırıcı görünmür. 6 il əvvəl bu müdafiə futbolu ilə qitə çempionu olan heyətdən Xalkias, Papadopulos, Seytaridis, Karaqunis, Katsuranis, Basinas, Xaristeas hələ də millinin şərəfini qoruyur. Ümumiyyətlə, komanda üzvlərinin böyük hissəsi 30 yaşı arxada qoyan “qoca”lardır. Heyətin yarısı isə ölkənin aparıcı klubları “Olimpiakos” və “Panatiaikos”un üzvləridir. Yerdə qalanlar “Bolonya", "Cenoa", "Siena", "Herta", "Seltik" kimi qitə ortabablarında top qovur. Lakin alman mütəxəssisin sərəncamında "Şalke" (Plyatsikas) və "Liverpul" (Kiryakos) kimi klubların da təmsilçiləri də var. Ancaq yunan futbolçuların hansı klubları təmsil etmələrinə əhəmiyyət vermək də o qədər də vacib deyil. Ellinlər elə komanda oyunu göstərməklə ad çıxarıb ki, burada fərdlərin kimliyi ikinci dərəcəli olur.

Oyunlarının təqvimi
12.06.2010 Cənubi Koreya
17.06.2010 Nigeriya
22.06.2010 Argentina

Mundial iştirakçısı və biz
Azərbaycan və Yunanıstan əsas milli komandaları indiyədək görüşməsə də digər yığmalar üz-üzə gəlib. U-21 Avro-2009-un seçmə mərhələsində hər iki oyunda (1:4, 0:2) rəqiblərinə uduzubsa, U-16 Avro-1999-un seçmə oyununda qolsuz heç-heçəyə sevinib. Bu qarşılaşmalardan başqa iki ölkə arasında futbolçu keçidləri də olub. Millimizin futbolçusu Anatoli Ponomaryov vaxtilə “Ksanti” klubunun şərəfini qoruyub. Aleksios Mixalidis və Xaris Komesidis 2008/09 mövsümünün birinci dövrəsində “Bakılı”da oynamaqla, çempionatımızın ilk yunanları olub.

Apasport.az-ın proqnozu: 1/8 final

Vüqar XEYRULLAYEV
0