Qırmızı şeytanlar və baş “şeytan”
11.05.2010 - 14:40
Qırmızı şeytanlar və baş “şeytan”
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin startına cəmi bir ay qalıb. Apasport.az saytı 31 gündən sonra başlayacaq mundial iştirakçıları ilə tanışlığı davam etdirir. Bu dəfə B qrupunda yer alan Cənubi Koreya yığmasının dünəni və bu gününə nəzər salacağıq.

Dosye
Federasiya: Korea Football Assosiation (Koreya Futbol Assosiasiyası)
Prezidenti: Ço Çun Yun
Yaranma tarixi: 1948
1948-ci ildən FİFA, 1954-cü ildən AFC-nın üzvüdür.
Ləqəbləri: Asiya pələngləri, qırmızı şeytanlar
Rəngləri: qırmızı
Baş məşqçi: Xu Çjun Mu
Tarixinin ilk oyunu: Honkonq – 5:1 (1948-ci il)
Yığmada ən çox oyun keçirənlər: Myunq Bo Honq (136), Vun Ji Li (127), Sanq Çul Yu (123)
Yığmada ən çox qol vuranlar: Bum Kun Ça (55), Seon Honq Hvanq (50), Sun Hu Çui (30)
Ən məşhur futbolçuları: Park Ji Sun, Ça Du Ri, Yunq Pyo Li, Myunq Bo Honq, Vun Ji Li, Sanq Çul Yu, Bum Kun Ça

Nailiyyətləri
Koreyaya futbolu 1882-ci ildə ingilis matrosları gətirib. Lakin asiyalılar yalnız 1954-cü ildə mundiala debüt ediblər. Elə buna peşman da olublar. Macarıstan koreyalıları 9, Türkiyə 7 cavabsız qola “qonaq edib”. Növbəti mundialı 32 il gözləyən Asiya pələngləri hər dəfə seçmə mərhələ səddində “ilişirdi”. Həmin vaxtdan başlayaraq, final mərhələsini onlarsız təsəvvür etmək çətindir. Ardıcıl 7-ci mundiala qatılan koreyalılar 1986 və 1990-cı illərdə xala, 1994 və 1998-də qələbəyə həsrət qalmışdı. 2002-ci ildə Yaponiya ilə müştərək təşkil olunan mundialda isə Qus Hiddink pələngləri görmədiyi günlərə daşıdı. İtaliya və İspaniya kimi nəhəngləri dayandıran meydan sahibləri yarımfinalda Almaniya, III yer uğrunda matçda Türkiyəyə “boyun əyib” dördüncülüklə kifayətləndi. Bu ani uğurun ardı gəlmədi və 4 il əvvəl onlar ənənəvi olaraq, 1/8 finalı kənardan izlədi. Asiya çempionatlarında isə pələnglər hamını qorxuya salıb. 1956 və 1960-cı illərdəki ilk çempionatda hamıdan güclü olan koreyalılar 1972, 1980, 1988-ci illərdə yalnız finalda uduzub. 1964, 2000 və 2007-ci illərdə isə bürünc mükafatların sahibinə çevrilib.

DÇ yolunda
Asiya zonasında ilk iki seçmə mərhələsindən azad olunan Cənubi Koreya yığması mübarizəyə birbaşa üçüncü raunddan başladı. KXDR (0:0, 0:0), Türkmənistan (4:0, 3:1) və İordaniya (2:2, 1:0) ilə bir qrupda oynayan Asiya pələngləri son turun nəticəsindən asılı olmayaraq, həlledici seçmə mərhələyə vəsiqəni təmin etdi. İran (1:1, 1:1), KXDR (1:0, 1:1), Səudiyyə Ərəbistanı (2:0, 0:0), BƏƏ (4:1, 2:0) mübarizədə qırmızı şeytanlar qrup qalibi adını və CAR-a birbaşa vəsiqəni son tur ərəfəsində təmin etdi.

Şeytanların baş “şeytan”ı
Vətənlərində “Qırmızı şeytanlar” kimi tanınan yığmanın Avropa səviyyəsində tanınacaq 3-4 oyunçusu belə yoxdur. Əvəzində “Mançester Yunayted” də çıxış edən Park Ji Sun var. Yığmada olduğu kimi, klubunda da “Qırmızı şeytan” kimi tanınan Park indi millisinin baş şeytanı olmağa çalışacaq. Hər halda, bütün Cənubi Koreya ondan möcüzə gözləyəcək. Argentina ilə rəqabət aparması müzakirə mövzusu olmayan asiyalılar Nigeriya və Yunanıstanla rəqabətdə 1/8 finala ikinci vəsiqəyə iddia edir. Texniki-taktiki baxımdan koreyalıların bunu bacaracağına heç kim inanmır. Lakin heç kim onların bu rəqiblərdən qaça biləcəyini istisna etmir. Axı koreyalıların fiziki göstəricilərinə bir çox yığmalar həsəd apara bilər. Hələ Qus Hiddink, Dik Advokaat, lar elə Anatoli Bışovets kimi məşqçilərin dövründə əldə olunan bu keyfiyyətlər Xu Çjun Munun dövründə də itirilməyib.

Oyunlarının təqvimi
12.06.2010 Yunanıstan
17.06.2010 Argentina
22.06.2010 Nigeriya

Mundial iştirakçısı və biz
Yığma və klub səviyyəsində keçirilən oyunlar Azərbaycan və Cənubi Koreyanı heç vaxt üz-üzə qoymayıb. Düzdür, Antalya toplanışında olan klublarımız dəfələrlə asiyalılarla yoldaşlıq oyunları keçiriblər. Bu qış “Neftçi”, “Olimpik-Şüvəlan” və “Qəbələ” bu ölkədən olan klublarla sınaq matçlarında qüvvələrini sınayıblar. İki ölkə futbolunun təmas nöqtəsi isə Sumqayıt olub. Artıq tarixin yaddaşına köçən “Gənclərbirliyi” hələ birinci dəstədə oynadığı vaxt bu ölkədən iki futbolçu transfer etmişdi. Yun Sare Min və Keun Tae Park 2004-cü ilin qışında ekzotik futbolçular kimi Azərbaycana qədəm basıb qısa müddət ölkəmizdə çıxış etdilər.

Apasport.az-ın proqnozu: qrup mərhələsini adlaya bilməyəcək.

Vüqar XEYRULLAYEV
0