Adnan Kistak: Hələ “Azərreyl” rəhbərliyi ilə söhbətim olmayıb
26.05.2010 - 10:31
Adnan Kistak: Hələ “Azərreyl” rəhbərliyi ilə söhbətim olmayıb
Növbəti mövsümdə “Azərreyl”in baş məşqçi postunu kimin tutacağı hələ dəqiqləşməyib. Bu barədə apasport.az saytına məlumatı son ildə komandanı çalışdıran türkiyəli mütəxəssis Adnan Kistak verib.

Dünən Azərbaycana gələn Kistak “Azərreyl” rəhbərliyi ilə hələ söhbətinin baş tutmadığını bildirib: “Türkiyədə istirahətimi başa vurduqdan sonra yenidən çox sevdiyim Bakıya qayıtmışam. Lakin hələ paytaxt klubunun rəhbərliyi ilə söhbətim olmayıb. Bu səbəbdən növbəti ildə “Azərreyl”də qalacağımı əminliklə söyləmək olmaz. Danışıqlarımız mayın 28-30-da Azərbaycanda keçiriləcək Avropa çempionatının II təsnifat mərhələsindən sonra baş tutacaq. Baş məşqçi kimi təsdiqlənmədiyimdən, heç bir voleybolçu ilə də maraqlanmamışam. “Rabitə” və “İqtisadçı”nın transferləri barədə məlumatım var. Yəqin ki, klubda qalası olsam, “Azərreyl” də güclü heyətə malik olacaq və növbəti ildə komandanın gücünü hamı görəcək”.

Türkiyəli mütəxəssis Bakıya tez gəlməsini Avropa çempionatının II təsnifat mərhələsinin oyunlara canlı baxmaq istəyi ilə izah edib: “Buraya tez gəlməyimdə başqa məqsəd yoxdur. Sadəcə, qitə birinciliyin oyunlarını canlı izləmək xoşdur. İlk dövrədə uğurlu çıxış edən Azərbaycan komandasının bu dəfə də qələbələri sıralayacağına inanıram”.

Qeyd edək ki, Adnan Kistak ötən il “Azərreyl” komandasının baş məşqçisi təyin edilib və yetirmələri Azərbaycan çempionatını dördüncü pillədə başa vurub.

Tahir HÜMMƏTOV
0