Türkiyə İsraildən şübhələnir: Bizi Avropa çempionatını keçirməkdən məhrum etdiniz
01.06.2010 - 11:31
Türkiyə İsraildən şübhələnir: Bizi Avropa çempionatını keçirməkdən məhrum etdiniz
Türkiyə və İsrail arasında münasibətlər futbol sahəsində də gərginləşib. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin futbol federasiyası (TFF) israilliləri onlardan qisas almaqda suçlayır.

TFF-in rəhbərliyi AÇ-2016-nın keçirilməsi yerinin taleyinin İsrail Futbol Federasiyasının prezidenti Avi Luzonun səsinin həll etdiyini istisna etmir. Məlum olduğu kimi, ötən cümə UEFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında keçirilən səsvermənin yekununda 2016-cı ildə qitə çempionatın final mərhələsinin Fransada keçiriləcəyi ilə bağlı qərar çıxarılıb. Buna namizəd olan Türkiyə (6 səs) Fransadan (7 səs) cəmi 1 səs geri qalıb. Türk həmkarlarımızın fikrincə, İFF-nin rəhbəri bu yolla siyasi hücumların əvəzini çıxıb. Luzonun özü bu şübhələri absurd sayır. O, İK-nın səsverməsinin gizli keçirilməsini əsas gətirib. Türkiyənin AÇ-2016-ya təşkilatçılıqda digər rəqibi İtaliya idi.

Qeyd edək ki, İsrailin Türkiyənin gəmilərinə hücum etməsi beynəlxalq qalmaqala səbəb olub. Nəticədə türklər İsrailə yoldaşlıq görüşü keçirməyə yollanan 18 yaşlılardan ibarət yığmasını geri çağırıb.
0