Avropa çempionatında medal qazanan idmançılarımıza mənzil verildi
01.06.2010 - 16:20
Avropa çempionatında medal qazanan idmançılarımıza mənzil verildi
Ağırlıqqaldırma üzrə Avropa çempionatında medallar qazanan Azərbaycan təmsilçiləri Rövşən Fətullayevlə Zülfüqar Süleymanova mənzil hədiyyə olunub. Bu haqda Lent.az-a Fətullayevin özü məlumat verib.

Onun sözlərinə görə, mənzili Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yeni vitse-prezidenti Tofiq Heydərov bağışlayıb. Hazırda tikinti biznesi sahəsində çalışan Heydərov əvvəllər ağırlıqqaldırma növü ilə məşğul olub. Hətta o, 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında iştirak edib.

Fətullayevin fikrincə, Heydərov AAAF-ın vitse-prezidenti seçilməmişdən qabaq da ağırlıqqaldıranlar üçün çox doğma insan olub. Veteran idmançı öz vəsaiti hesabına idmançıları yarışa göndərib, mükafatlandırıb: “Tofiq müəllimin Xırdalanda AAAF adlı tikinti şirkəti var. Məhz həmin şirkətin tikdiyi binalarda o, mənimlə Zülfüqara mənzil verib. Bizdən istədiyi isə olimpiya medalıdır. “Təki mənim arzumu reallaşdırın. Mənim və digər ağırlıqqaldıranlarımızın indiyədək qazana bilmədikləri olimpiya medalını ölkəmizə gətirin” deyir. Hazırda şəxsən mən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq və olimpiadada medal qazanmaq üçün səylə çalışıram. İnanıram ki, öz sözümü deyəcəyəm”.

Qeyd edək ki, bu il ağırlıqqaldırma üzrə böyüklər arasında Avropa çempionatı 5 – 10 apreldə Belarusun paytaxtı Minskdə keçirilib. Rövşən Fətullayev 94 kq çəki dərəcəsində gümüş, Zülfüqar Süleymanov isə 62 kq çəkidə bürünc medal qazanıb.
0