“Qarabağ” klubuna keçmək ürəyimcə oldu” - MÜSAHİBƏ
09.06.2010 - 11:20
“Qarabağ” klubuna keçmək ürəyimcə oldu” - MÜSAHİBƏ
Azərbaycan yığmasının futbolçusu, az öncə Bakının “İnter” klubundan “Qarabağ”a transfer olunan Samir Abasovun apasport.az saytına müsahibəsi

- “Qarabağ” klubuna keçidiniz tam rəsmiləşdi?
- Bəli, artıq məsələ yüz faiz həll olunub. Yeni mövsümə “Qarabağ”da başlayacağam. “İnter”lə hələ 6 aylıq müqaviləm qalmışdı. Ancaq rəhbərliklə söhbətdən sonra qarşılıqlı razılıqla anlaşmaya vaxtından əvvəl xitam verdik. “Qarabağ” artıq yeni mövsümün hazırlığına başlasa da, mən hələlik istirahət edirəm. Çünki mövsüm bitəndən sonra milli komandanın düşərgəsində olduğumdan dincəlməyə vaxtım olmayıb. Mənə daha 3-4 gün istirahət etməyə imkan yaratdılar. “Qarabağ” sabah Türkiyəyə təlim-məşq toplanışına yollansa da, mən onlarla birgə getməyəcəyəm. İnşallah, gələn həftənin ilk günündə səfərə çıxacağam.

- “İnter”dən ayrılmaq çətin olmadı ki?
- Avstriyada yığma ilə birgə olan zaman “Qarabağ”ın baş məşqçisinin haqqımda söylədiyi fikirləri oxumuşdum. Ancaq fikirləşirdim ki, “İnter”lə hələ ilin sonuna kimi müqaviləm olduğum üçün oradan çıxa bilmərəm. Ancaq sağ olsun, məni başa düşərək, buraxdılar. “İnter”in prezidenti Georgi Nikolov, baş məşqçi Kaxaber Sxadadze ilə yarım saata yaxın söhbətim oldu. Onlara vəziyyəti başa saldım. Kaxa futbol oynayıb, məni yaxşı başa düşdü. Mənə müqaviləm olduğuna görə problem yaratmadılar.

- Vaxtilə “Qarabağ”da oynamısınız. Seçimdə keçmiş komandanızı yaxşı tanıdığınıza görə üstünlük verdiniz?
- “Qarabağ”a 2006-cı ildə Azərbaycan kubokunu qazanandan sonra gəlmişdim. Bu komanda mənə çox yaxşı tanışdır. Futbolçuların çoxu ilə yığmada komanda yoldaşıyam. Baş məşqçi Qurban Qurbanovla da bir yerdə oynamışam. “Qarabağ” rəhbərliyi məni çox yaxşı qarşıladı, xətirmi çox istəyirlər. Qurbanov, klubun direktoru Əmrah Çəlikəl məni “evinə xoş gəldin” dedilər. Bilirsiniz, artıq 32 yaşım var, karyeramın sonuna yaxındır. Yenilik istədiyimdən klubumu dəyişməyə qərar verdim. Millidən yaxşı tanıdığım futbolçularla bir yerdə oynayacağam. Hesab edirəm ki, “Qarabağ”da belə kollektivdə oynamaq mənə maraqlı olacaq. Həm də “Qarabağ”ın şərtləri daha yaxşı idi. Mən də futbolçu karyeramın son illərini keçirdiyimdən götür-qoy etdim və keçmiş komanamı seçdim.

- 32 yaşda futbolçu üçün maddi məsələlər vacibdir. “Qarabağ” bu baxımdan “İnter”lə daha yaxşı müqavilə şərtləri təklif etdi?
- Mən daha yaxşı deyəndə maddi şərtləri nəzərdə tutmurdum. Bunlar ikisində də eyni, yeri gəlsə, bəlkə “İnter” bir az daha yaxşı idi. Ancaq karyeramın bu vaxtında rahatçılıq, daimi oynamaq, yaxşı formada olmaq istədim.

- Ancaq “İnter”də kapitan idiz. Kapitan komandada əsas söz sahibi olur...
- Orası elədir. Hər şeyi göz önünə alaraq, seçimimi etdim və “Qarabağ”la müqavilə imzaladım.

- Neçə illik?
- İki. “Qarabağ”la bu müddətə bağladığım müqavilənin şərtləri məni razı salır. Əsas odur ki, keçidim ürəyimcə oldu. Yəni, “İnter” mənə əngəl törətmədi və ürəyimdə xal qalmadı. Ola bilər ki, karyeramı elə “Qarabağ”da bitirdim.

- Həm “İnter”, həm də “Qarabağ” avrokuboklara vəsiqə qazandığından, şəxsən siz istənilən halda, bu yay qitə miqyaslı turnirdə oynayacaqsınız. Sadəcə, fərq ondadır ki, Avropanın ən nüfuzlu turnirdə yox, ikinci dərəcəli sayılan Avroliqada çıxış edəcəksiniz...
- Yadımdadır, ötən yay “İnter”lə Avroliqada çıxış etdiyimiz zaman “Qarabağ” elə oynadı ki, başqa komandalarımızdan danışan olmadı. İnşallah, bu dəfə də həmin turnirdə ölkəmizi layiqincə təmsil edərik. Mən bunu çox istəyirəm. Düzdür, Çempionlar Liqası nüfuzuna görə Avroliqadan üstün tutulur. Ancaq indi bizə indi əsas turnirin çəkisi yox, qələbə qazanmaq vacibdir. Əsas odur ki, mərhələlər keçək.

Mehman SÜLEYMANOV
0