Karolin Braun Araz Abdullayevin formasını geyindi
14.06.2010 - 13:36
Karolin Braun Araz Abdullayevin formasını geyindi
İngiltərə və ABŞ futbol yığmaları dünya çempionatları tarixində 60 ildən sonra yenidən üz-üzə gəliblər. Apasport.az saytının xəbərinə görə, bu münasibətlə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində tədbir keçirilib.

Tədbirdə ölkəmizdəki diplomatik korpusların nümayəndələri, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu, həmçinin futbol klublarının təmsilçiləri iştirak ediblər. Dəvətlilər arasında "Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və komandanın yarımmüdafiəçisi Araz Abdullayev də olub.

İngiltərə - ABŞ matçından öncə Elnur Əşrəfoğlu Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karolin Brauna "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun salamını çatdırıb və səfirlik tərəfindən kluba göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Daha sonra Əşrəfoğlu Araz Abdullayevin flaqmanda geyindiyi 17 nömrəli futbolkanı səfirə bağışlayıb. Öz növbəsində xanım Karolin Braun "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıb. O, Araz Abdullayevin İngiltərə Premyer Liqasında "Everton"un heyətində nailiyyət qazanacağına inandığını vurğulayıb. "Everton"un tarixi klub olduğunu bildirən xanım Karolin Braun deyib ki, "Neftçi"nin yarımmüdafiəçisinin İngiltərə klubuna keçidi Azərbaycan futbolunun inkişafına bariz nümunədir.

Ardından tədbir iştirakçıları "Lider" TV vasitəsilə İngiltərə - ABŞ oyununu izləyiblər. Tədbir boyu xanım Karolin Braun Araz Abdullayevin futbolkasında olub.

Qeyd edək ki, Abdullayev yaxın günlərdə İngiltərəyə yollanaraq, "Everton"da tibbi müayinədən keçəcək. Tibbi müayinənin nəticələri uğurlu olacağı təqdirdə, futbolçumuz Liverpul klubunun heyətində Avstraliyada keçiriləcək mövsümlərarası ilk təlim-məşq toplanışına gedəcək.

Mənbə: http://neftchifc.com
0