Mundiallar tarixində yeni rekord: 3 qardaş eyni oyuna çıxa bilər
16.06.2010 - 12:36
Mundiallar tarixində yeni rekord: 3 qardaş eyni oyuna çıxa bilər
Honduras milli komandası dünya çempionatları tarixinin yeni rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu gün Çili yığması ilə görüşəcək mərkəzi amerikalıların heyətində 3 qardaş eyni yarışın iştirakçısına çevrilib. Belə hadisə isə mundialların 80 illik tarixi ərzində indiyədək alınmayıb. Bu qeyri-adi göstəricinin müəllifi isə Palasioslar ailəsidir.

Dünya çempionatının iştirak ərizəsində əvvəlcədən cəmi 2 Palasios soyadlı futbolçu var idi. “Tottenhem”də çıxış edən Uisonla yanaşı, Conni də həmin siyahıya salınmışdı. Bir neçə gün əvvəl zədələnərək siyahıdan çıxarılan Xulio Sezar de Leonu da onların qardaşı əvəzləyib. Bu, Palasioslar ailəsinin böyük üzvü Cerridir. FİFA iştirakçılara ilk matçın startına 24 saat qalmışadək bir zədəli oyunçunu dəyişməyə icazə verir ki, Honduras yığmasında bu xoşbəxtlik böyük Palasiosa nəsib olub.

29 yaşlı Cerri, 25 yaşlı Uilson və 24 yaşlı Conni eyni vaxtda meydanda da ola bilər. Son anda onlara qoşulan Cerri istisna olmaqla, digər Palasioslar Çili ilə oyunun start heyətində yer alıb. Matçın gedişində böyük qardaşın meydana çıxması isə hadisəni daha da unikallaşdıracaq. Çünki meydanda Palasioslar ailəsinin 3 oğlu olacaq.

Qeyd edək ki, Palasioslar ailəsində ümumilikdə 5 oğlan olub. Onlardan biri Edvin 3 il əvvəl 17 yaşı olarkən oğurlanıb. Cinayətkarlar istədikləri 150 min dolları alsa da, yeniyetməni öldürüblər. Bu faciədən şoka düşən Uilson hətta karyerasını da bitirmək istəyirmiş. Ailənin digər üzvü Milton isə qardaşları kimi futbolçudur və 2003-06-cı illərdə Honduras yığmasının şərəfini qoruyub.
0