Azərbaycan idmançılarının qanında dopinq aşkarlandı
17.06.2010 - 23:35
Azərbaycan idmançılarının qanında dopinq aşkarlandı
Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İskəndər Əsgərov yığma komandamızın üzvləri Zülfüqar Süleymanovla Rövşən Fətullayevin ilkin dopinq-testinin (“A” probu) müsbət nəticə verməsi barədə xəbərlərə münasibət bildirib.

Əsgərov Lent.az-a açıqlamasında hər iki idmançımızın dopinq-testdə “ilişməsi” haqda heç bir rəsmi məlumata malik olmadığını söyləyib.

“Mən də eşitmişəm ki, apreldə Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında 15 ağırlıqqaldıranın “A” probu müsbət nəticə verib. Onların arasında azərbaycanlı atletlərin də olduğu bildirilir. Lakin beynəlxalq federasiyadan bizə hələ bu haqda rəsmi sənəd daxil olmayıb”.

Hazırda Bolqarıstanda təlim-məşq toplantısı keçən yığmamızla birgə olduğunu deyən AAAF rəsmisi iyunun 21-də Bakıya qayıtdıqdan sonra məsələ ilə yaxından maraqlanacağını bildirib.

Avropa çempionatında Rövşən Fətullayev 94 kq çəki dərəcəsində gümüş, Zülfüqar Süleymanov isə 62 kq çəkidə bürünc medal qazanıb.

Qeyd edək ki, Zülfüqar Süleymanovla Rövşən Fətullayevin “B” probu da müsbət nəticə versə, onlar müəyyən müddətə bütün daxili və beynəlxalq yarışlardan kənarlaşdırılacaqlar.
0