Azərbaycan çempionu: Püşk kefimizi korladı
21.06.2010 - 14:27
Azərbaycan çempionu: Püşk kefimizi korladı
“Ötən il “Çelenc Cup” turnirində Yunanıstan komandası üzərində inamlı qələbə qazansaq da, bu dəfə vəziyyətimiz heç də asan olmayacaq. Püşk bizi qitənin ən güclüsünə rəqib etdi. Bu isə komandamız üçün heç də arzu olunan deyildi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Çelenc Cup”da Serbiyanın “Partizan” klubu ilə mübarizə aparacaq “Azərneft” voleybol klubunun baş məşqçisi Sahib Əliyev deyib.

Əliyev I təsnifat mərhələsində paytaxt klubunun Belqrad təmsilçisi ilə düşməsində bəxtsizlikdən gileylənsə də, qorxaq oyun nümayiş etdirməyəcəklərini bildirib: “Biz bu mövsümdə də uğurlu çıxış etmək istəyirik. Düzdür, püşk kefimizi korlasa da rəqiblə oynamaq məcburiyyətindəyik. Buna görə artıq reallıqla barışıb, görüşlərə hazırlaşmaq lazımdır. Növbəti aydan rəqibin oyununu analiz edərək, əks-taktikalar üzərində işləyəcəyik. Çünki “Partizan” güclü olduğu üçün onlara asan məğlub olmaq istəməzdik. Buna görə meydana uduzmağa deyil, qalib gəlmək üçün çıxacağıq”.

Rəqibin güclü heyətə malik olması “Azərneft”i də hərəkətə gətirib. Baş məşqçinin sözlərinə görə, növbəti mərhələyə yüksəlmək üçün artıq bir neçə voleybolçu ilə danışıqlar gedir: “Belqrad komandası ilə oyuna hazırkı heyətlə çıxmaq olmaz. Bunun üçün kluba bir neçə uğurlu transferlər edəcəyik. Hazırda Rusiya, Ukrayna və Bolqarıstan voleybolçuları ilə danışıqlar gedir. Bu voleybolçulardan bizi qane edənlərlə müqavilə bağlayacağıq”.

Qeyd edək ki, son Azərbaycan çempionu olan “Azərneft” “Partizan”la ilk oyunu oktyabrın 16-da və ya 17-də Bakıda, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.
0