Fransa yığmasındakı üsyan yatırıldı
21.06.2010 - 23:54
Fransa yığmasındakı üsyan yatırıldı
Fransa yığmasının futbolçuları DÇ-2010-da bazar günü başladıqları boykotu dayandıraraq, məşqlərə qayıdıblar. Apasport.az saytının xəbərinə görə, heyətdən kənarlaşdırılmış Nikolya Anelka və zədəli Sedrik Karrassodan başqa bütün futbolçular dünən baş məşqçi Raymon Domenekin rəhbərliyi ilə keçirilən məşqdə iştirak ediblər.

Fransa yığmasının oyunçuları Anelkanın komandadan qovulmasına etiraz edərək boykota başlamışdılar. Anelka iyunun 19-da, "L-Eguipe" qəzetində baş məşqçi Raymon Domenek ilə arasındakı dava barəsində məqalə dərc olunandan sonra heyətdən kənarlaşdırılıb. Bazar günü komandanın kapitanı Patris Evra futbolçuların açıq məktubunu məşqçiyə verib. Məktubda futbolçuların Meksika yığması ilə oyunun fasiləsində paltardəyişmə otağında baş verənlərdən hiddətləndiyi bildirilirdi. Evranın dediyinə görə, komandada xəbərləri mediaya sızdıran satqın var.

Dünən Fransanın idman naziri baş məşqçi Raymon Domenek və Nikolya Anelka ilə görüşüb. İyunun 22-də fransızlar qrup mərhələsində son matçlarında CAR yığması ilə qarşılaşacaqlar. 1/8 finala çıxmaq üçün Fransa yığması turnirin ev sahibini məğlub etməli, Uruqvay - Meksika matçının isə bərabərliklə başa çatmamasına bel bağlamalıdır. Bundan başqa, Fransa yığması uruqvaylılarla meksikalıların qarşılaşmasında məğlub olacaq komanda ilə müqayisədə daha yaxşı top fərqinə malik olmalıdır.
0