Musa Süleymanov: Bütün oyunlarda uduzacağıq
25.06.2010 - 15:36
Musa Süleymanov: Bütün oyunlarda uduzacağıq
“Mən komandanı Super Liqaya kimi gətirib çıxarmışam. Lakin burada mübarizə aparmaq həqiqətən də çətin olacaq. Çünki rəqiblərimiz çox güclüdür. Mənim isə komandaya yeni voleybolçular transfer etməyim imkanım xaricindədir”. Bu sözləri apasport.az saytına açıqlamasında voleybol üzrə qadınlardan ibarət “Tovuz” klubunun prezidenti Musa Süleymanov deyib.

Bu ildən Azərbaycan çempionatı - Super Liqada debüt edəcək Tovuz təmsilçisi gənclərə güvənəcək. Süleymanov isə bildirib ki, voleybolçuların yalnız geyim və yol xərclərini öz üzərinə götürəcək: “Yaxşı olar ki, Tovuzda bir nəfər komandanı götürsün və iddialı kluba çevirsin. Mən bu mövsüm onların yalnız yol xərclərini və geyimlərini ödəyə biləcəyəm. Çünki rayonun futbol komandasına da rəhbərliyi mən edirəm. Bunun üçün əsas diqqətimi futbola yönəldəcəyəm”.

Klub rəhbəri “Tovuz”un mövsüm başlamamışdan öncə sonuncu pillələrdə qərarlaşacağını da proqnozlaşdırıb: “Bilirəm ki, Avropa Liqalarında mübarizə aparacaq komandalar üzərində qələbə qazanmağımız mümkün deyil. Bütün oyunlarda uduzacağıq. Amma buna baxmayaraq, Super Liqadan imtina etmək fikrində deyilik”.

Qeyd edək ki, Tovuzun eyniadlı komandası son mövsümdə I dəstədə II yeri tutub və tarixində ilk dəfə yüksək liqada oynamaq şansı qazanıb.
0