Çempionlar Liqasının ikiqat qalibi Azərbaycanda oynayacaq!
26.07.2010 - 10:11
Çempionlar Liqasının ikiqat qalibi Azərbaycanda oynayacaq!
Azərbaycan çempionatının bürünc mükafatçısı Bakının “İqtisadçı” komandası heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, paytaxt klubu finlandiyalı Riikko Lehtonen və almaniyalı Katlin Ueisslə 1 illik müqavilə imzalayıb.

1996-cı ildən Finlandiya yığmasının şərəfini qoruyan 30 yaşlı Lehtonen son mövsümü İtaliyanın A seriyasında mübarizə aparan “Peruca”da keçirib. Fransanın “Kann” klubu ilə 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanan voleybolçu Türkiyənin “Vakıfbank Günəş” komandası ilə “Çelenc cup” yarışlarının qızıl medalına sahib olub. O, həmçinin İtaliya və Fransada ölkə çempionu titulunu qazanıb.

103 dəfə Finlandiya formasını geyinən Lehtonen 1996-2001-ci illərdə doğma vətəninin komandalarında mübarizə aparıb. 182 sm boyu olan voleybolçu 1999-2001-ci illərdə Fransanın “Roçettoise”, 2001-2004-cü illərdə “Kann”, 2004-2005-ci illərdə İtaliyanın “Viçenza”, 2005-2006-cı illərdə “Foppapedretti”, 2006-2007-ci illərdə Yaponiyanın “NEC Red Rockets”, 2007-2008-ci illərdə Türkiyənin “Vakıfbank Günəş”, 2008-ci ildə İtaliyanın “Minerva”, 2008-2009-cu illərdə isə Yunanıstanın “Olimpiakos” klublarında qüvvəsini sınayıb.

26 yaşlı Ueiss peşəkar karyerasına 1993-cü ildə “Sçueriner” komandasında başlayıb. 15 il öz ölkəsinin müxtəlif klublarında qüvvəsini sınayıb. 2008-ci ildə legioner həyatına başlayıb. Həmin il Hollandiyanın “DELA Martinus” klubuna transfer olunub. 171 sm bolu olan Ueiss də Lehtonen kimi ötən il “Peruca”da çıxış edib. 2003-cü ildən Almaniya milli komandasının formasını geyinən yeni transfer 141 dəfə Apennin təmsilçisinin heyətində meydana çıxıb. 2009-cu ildə dünya Qran-Pri yarışlarının bürünc medalına sahib olub. İtaliyada gözəl çıxışına görə bu ölkənin legionerlərdən ibarət “Ulduzlar yığması”nın heyətində də mübarizə aparıb.

Qeyd edək ki, bu mövsüm ölkəmizi “Çelenc cup”da təmsil edəcək “İqtisadçı” daha öncə Tailand yığmasının üzvü Vanna Buakav və türkiyəli Filiz Özgürlə müqavilə imzalayıb.
0