5 bolqarıstanlı ağırlıqqaldıran Azərbaycan yığmasında!
27.07.2010 - 14:07
5 bolqarıstanlı ağırlıqqaldıran Azərbaycan yığmasında!
Ağır atletika üzrə Azərbaycan yığması heyətini 5 legionerlə gücləndirir. Apasport.az saytının məlumatına görə, Afina Olimpiadasının bürünc medalçısı Veleçko Çolakov və 2007-ci ildə Tailandda keçirilən dünya çempionatının qalibi İvan Stoitsovun milli komandamıza keçidi rəsmiləşmək üzrədir.

Pekin Olimpiya Oyunları ərəfəsində Bolqarıstan yığmasının heyətində dopinqdə ilişən 11 idmançısı arasında olan bu atletlər 4 illik yarışlardan kənarlaşdırılıb. Lakin 2012-ci ilin iyunun 8-də cəzaları bitəcək həmin pəhləvanlar London-2012-də iştirak edə biləcəklər. Onların Azərbaycana transfer olunmasında da əsas məqsəd budur.

Yığma komandamızın bolqarıstanlı baş məşqçisi Yanko Rusevin siyahısında olan digər 3 atlet - Angel Petrov, Rumyana Petkova və Silviya Angelova ilə danışıqlar yekunlaşsa da, yalnız maliyyə məsələlərində razılığa gəlmək qalıb.

Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov apasport.az saytına açıqlamasında məlumatın düzgün olduğunu təsdiqləyib: “Milli komandaya Bolqarıstandan 5 legioner gətirməyi planlaşdırırıq. Artıq onlarla danışıqlar gedir. Milliləşdiriləcək bu atletlər komandamızı daha da gücləndirməyə hesablanıb”.

Əsgərov bildirib ki, həmin idmançıların yığmamızda iştirakına avqustda aydınlıq gələcək: “Danışıqlar yekunlaşdıqdan sonra bu barədə federasiya prezidenti Cahangir Əsgərova məlumat verəcəyik. O razılıq verərsə, sənədləşmə işlərinə başlayacağıq. Bütün bu məsələlər avqustda öz həllini tapacaq”.

Çolakov və Stoitsovun 4 illik cəzalı olması federasiya rəsmisini narahat etmir. Əsgərovun sözlərinə görə, bu atletlərin peşəkar olması, əlavə problem yaratmayacaq: “Bilirik ki, Çolakov və Stoitsov yarışlarda iyundan sonra mübarizəyə qoşulacaqlar. Lakin bunun onlar üçün çətin olacağına inanmıram. Atletlər daim məşqlərini davam etdirirlər. Xüsusilə, 2007-ci ildə dünya çempionu olan Stoitsova böyük ümidlər bəsləyirik”.
0