8 il İtaliya A seriyasında oynayıb, Azərbaycan klubuna keçdi
02.09.2010 - 11:49
8 il İtaliya A seriyasında oynayıb, Azərbaycan klubuna keçdi
“Azərreyl” heyətinə daha 3 voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi slovakiyalı Yana Matiasovska, ukraynalı Aleksandra Peretyatko və bolqarıstanlı İliyana Petkova ilə 1 illik müqavilə imzalayıb.

1987-ci ildə anadan olan Matiasovska 198 sm boya malikdir. Son mövsümü Rusiyanın məşhur “Uraloçka” komandasında keçirib və martda Bakıda keçirilən CEV kubokunun “Dördlər finalı”nda klubunun heyətində paytaxtımıza gəlib.

26 yaşlı ukraynalı Peretyatko da Rusiyadan transfer olunub. O, 2009/2010-cu illərdə “Dinamo-Yantar” klubunun şərəfini qoruyub.

“Azərreyl” yeni voleybolçuları arasında ən təcrübəlisi 1977-ci təvəllüdlü Petkovadır. 191 sm boyu olan voleybolçu Bolqarıstan milli komandasının heyətində 2001-ci ildə Avropa çempionatının, 8 il sonra Avroliqanın bürünc medalını qazanıb. Klub karyerası əsasən İtaliya ilə bağlıdır.

8 il A seriyasının müxtəlif klublarında (“Redjio” 2001-2002, “Jesi” 2002-2007, “Volley 2002 Forli”, “Qrotte” 2008-2009-cu illər) çıxış edib. Maraqlıdır ki, Petkova da son mövsümdə şimal qonşularımızın çempionatında oynayıb. O, burada “Samorodok” komandasının heyətində yer alıb.

Xatırladaq ki, “Azərreyl” bu voleybolçudan öncə Polina Rəhimova, Valeriya Korotenko, Aynur Kərimova, Şəfəq Kərimova, Natalya Hanıkoglu (Türkiyə) və Adva Jinoberi (İsrail) ilə müqavilə imzalayıb.
0