Adnan Kistak: Bu qərarın mənim üçün heç bir fərqi yoxdur
06.10.2010 - 12:39
Adnan Kistak: Bu qərarın mənim üçün heç bir fərqi yoxdur
“Bundan sonra “Bakı” komandasında deyil, yeni yaradılan “Şirvan-Quba” komandasında çalışacağam. Son anda verilən bu qərarın mənim üçün heç bir fərqi yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında türkiyəli mütəxəssis Adnan Kistak deyib.

Noyabrın 25-də start götürəcək Azərbaycan Super Liqasında “Bakı” (öncə “Nəqliyyatçı” adlanırdı) və “Şirvan-Quba” klublarının baş məşqçiləri yerlərini dəyişiblər. Bir neçə müddətdir ki, “Bakı” ilə müqavilə imzalayaraq komandanı növbəti mövsümə hazırlayan Kistak gözlənilmədən “Şirvan-Quba”nın baş məşqçisi təyin edilib. Əyalət komandasının çalışdırıcısı Mixael Omelçenko isə onun yerini tutub.

Kistak bildirib ki, bu dəyişiklik çempionatda iştiraklarına ciddi təsir göstərməyəcək və əvvəlki kimi klubun əsasını gənclər təşkil edəcək: “Dəyişikliyin Super Liqada oyunumuza elə də təsir göstərəcəyinə inanmıram. Çünki, bu 2 klub əsasən gənclərdən qurulacaq. Bir müddətdir hazırlıq keçdiyim voleybolçular da mənimlə birgə “Şirvan-Quba”da çıxış edəcəklər. Federasiyanın qərarına hörmətlə yanaşıram. Onlar mənim burada işləməyimi məsləhət bildilər və mən də razılaşdım. Fikrimcə, heç bir problem olmayacaq”.

Qeyd edək ki, Adnan Kistak ötən mövsüm “Azərreyl”i çalışdırıb.
0