“Bizim böyük məqsədimiz var” - MÜSAHİBƏ
20.10.2010 - 23:05
“Bizim böyük məqsədimiz var” - MÜSAHİBƏ

Noyabrın 29-da Azərbaycan Super Liqasının startı veriləcək. 6 komandanın iştirak edəcəyi yarışda ötən illə müqayisədə yalnız “Lokomotiv”in baş məşqçisi Aleksandr Çervyakov dəyişməz qalıb. Paytaxt klubuna ölkə çempionatının gümüş mükafatını qazandıran mütəxəssis bu mövsümdə də iddialı olacaqlarını açıqlayıb. Çervyakov Super Liqa və “Çelenc Cup”da hazırlıqla, bu turnirlərdə hansı yerlər uğrunda mübarizə aparacaqları ilə bağlı apasport.az saytının suallarını cavablandırıb.

- Komanda “Çelenc Cup” turnirinin ikinci mərhələsindən mübarizəyə qoşulacağından hazırlıq üçün kifayət qədər vaxtınız var. Təlim-məşq toplanışı necə keçir?
- Normal. “Çelenc Cup”da ciddi çıxış etmək arzusundayıq. Bunun üçün az öncə Çexiyada təlim-məşq toplanışında da olduq. Yoldaşlıq görüşlərimiz uğurlu alındı. Voleybolçularımı sınamaq üçün gözəl fürsət yarandı. İnanıram ki, Rusiyanın “Omiçka” komandası ilə qarşılaşmaya kimi “Lokomotiv” tam hazır olacaq.

- Amma digər klublarımız kimi, sizin də əsas voleybolçularınız yığmalarının heyətində dünya çempionatına hazırlaşırlar. Onların düşərgəyə yorğun gəlməsi sizi narahat etmir ki?
- Heyətimizin 3 voleybolçusu - ABŞ yığmasının üzvləri Nansi Metkalf, Nikola Davis və Qazaxıstan əsilli Peru milli komandasının top paylayıcısı Yelena Keldibekova məşqlərdə iştirak etmirlər. Onlar yığmalarında mundiala hazırlaşırlar. Amma nəzərə alsaq, biz “Çelenc Cup” turnirinə dekabrda başlayacağımızdan bunun elə də problem yaradacağını fikirləşmirəm. Məşqlərimizi “Lokomotiv”in idman zalında davam etdiririk və bu mövsüm uğurlu çıxış etmək istəyirik.

- Azərbaycan Super Liqasında və “Çelenc Cup”da mübarizəyə başlamağınıza 1 aydan artıq vaxt var. Bu müddətdə ölkədən xaricə səfərlər nəzərdə tutulmayıb ki?
- Hələ bu gündəmdə deyil. Amma oktyabrın sonlarında Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlaşırıq. Burada Azərbaycanın aparıcı komandaları ilə yanaşı, Rusiya, Fransa və Türkiyə komandalarının da iştirakı gözlənilir. Mübarizənin gərgin olacağını və oyunların baxımlı alınacağını öncədən də proqnozlaşdırmaq olar.

- “Çelenc Cup”da qarşınıza hansı vəzifələr qoyulub. “Lokomotiv”i hansı mərhələyə kimi gedəcək gücdə görürsünüz?
- Bizim böyük məqsədimiz var. Uğurlu çıxış etmək arzusundayıq. Hər bir oyunda inamlı oynayaraq finala yüksəlməyi planlaşdırırıq.

- Amma analoji yarışda ilk rəqib Rusiya təmsilçisi “Omiçka”dır. Onlar da zəif hesab olunmurlar...
- Birinci görüşümüzü səfərdə keçirəcəyik. Rəqib də güclü komandadır və yaxşı oyun nümayiş etdirirlər. Lakin biz daha irəli getmək istəyirik. Bunun üçün məşqlərdə də çox çalışırıq. Çünki onlara qalib gələrək növbəti mərhələyə yüksəlməyi planlaşdırırıq.

- Azərbaycan Super Liqanın püşkü atılıb. Son mövsümün gümüş mükafatçısı kimi ilk mərhələdə debütant “Şirvan-Quba” ilə qarşılaşmadan nə gözləyirsiniz? Ötən ilki “gümüş”ü bu dəfə “qızıl”a dəyişməyi planlaşdırırsınızmı?
- Bəli, püşkə görə ilk oyunumuzu “Şirvan-Quba”ya qarşı keçirəcəyik. Amma onların debütant olmalarına baxmayaq, yaxşı heyət quracaqlarına inanıram. Çünki bu mövsüm çempion adı uğrunda ciddi mübarizə gedəcək. Bir neçə klubumuzun heyəti çox güclənib. Biz də onlardan geri qalmırıq və hər oyuna qələbə üçün çıxacağıq. İkinci turda isə “İqtisadçı” ilə qarşılaşacağıq ki, bu oyunda maraqlı olacaq. Sonda isə daha hazırlıqlı və daha güclü komanda Azərbaycan çempionu adını qazanacaq.

0