“Bakı” ilə tanış olanda, təəccübümü gizlədə bilmədim”
27.10.2010 - 12:45
“Bakı” ilə tanış olanda, təəccübümü gizlədə bilmədim”
“Bakı” klubunun yeni transferi, serbiyalı voleybolçu Sanya Tomaşeviçin müsahibəsi

- Ölkəmizə gəlməmişdən öncə Azərbaycan voleybolu ilə tanışlığınız vardı?
- Bəli, Azərbaycan haqda ətraflı məlumata malik idim. Bacım Vesna Tomaşeviç “Rabitə”nin şərəfini qoruyub. Ondan Azərbaycan və Super Liqa barədə ətraflı məlumat toplamışam.

- Bakı və klubunuz sizdə hansı təəssüratları oyatdı?
- Paytaxtınızda yenidənqurma işləri gedir və hiss olunur ki, şəhər böyüyür. Mərkəz isə superdir. İlk dəfə görəndə yaxşı mənada təəccübləndim. “Bakı” komandasının heyəti ilə tanış olanda təəccübümü gizlədə bilmədim. Güclü bir kollektiv qurulub. Baş məşqçiyə söz ola bilməz. Xoşlayıram ki, məşqçi mənimlə maraqlansın. Qismətdən bu “Bakı”da da belədir.

- Super Liqada rəqabətə hazırsınızmı?
- Bu il çox güclü rəqabət olacaq. Hətta mən Azərbaycana gələndə burada çıxış edəcək voleybolçuların adlarını öyrənərkən eşitdiklərimə inana bilmədim. Öncə fikirləşdim ki, son Azərbaycan çempionu “Rabitə” bütün rəqiblərini məğlub edəcək. Sonra digər klubların heyətlərini öyrəndikdə müəyyən oldu ki, hər bir komandanı gərgin mübarizə gözləyir. Super Liqanın bütün iştirakçıları heyətlərinə dünyanın güclü voleybolçularını cəmləyiblər və maraqlı oyunlar keçəcək.

- Azərbaycandan gələn təklifi necə qarşıladınız? Ailəniz buna etiraz etmədi ki?
- Xeyr, belə bir şey olmadı. Təkliflə dərhal razılaşdıq.

- Deməli, təklifi dəyərləndirmək çox vaxt aparmadı…
- Təklif cəlbedici olduğundan fikirləşməyə həqiqətən də çox vaxt sərf etmədim. Müqavilənin maliyyə şərtləri ilə yanaşı, güclü çempionatda da oynamaq istəyirdim.

- Danışıq və mentalitetlə bağlı çətinlikləri sınaqdan keçirmisinizmi?
- Mən buna əvvəllər böyük əhəmiyyət vermədiyimdən, bu dəfə də belə sınağa ehtiyac görmürəm.

- Bakıda boş vaxtlarınızı necə keçirirsiniz?
- Komanda yoldaşlarım, digər klubların üzvləri ilə birlikdə vaxtımızı yaxşı keçiririk. Əsasən şəhəri tanımağa cəhd edirik.

- Yəqin ki, artıq özünüz üçün sevimli məkan seçmisiz…
- Hələlik biz mərkəzdə və Dənizkənarı Parkda gəzməyi xoşlayırıq. Dəniz kənarındakı restoran bizim sevimli məkanımızdır.

- Bu səviyyəyə çatmağınız üçün borclu olduğunuz insanlar varmı?
- Karyerama görə, valideynlərim və bacılarıma borcluyam.

- Azərbaycan mətbəxi ilə tanış ola bilmisinizmi?
- Bəli, artıq bir çox yeməklərin dadına baxmışam. Əla plovları olur. Lakin mən hələ ki, Bakıda kababı xoşlayıram.

- Bakının gecə həyatı ilə tanış olmusuz?
- Hələlik yox. Ümidvaram ki, bu tezliklə olacaq.
0