Olimpiya komandamızın Londonda geyinəcəyi formalar təqdim olunub - FOTOSESSİYA
28.02.2012 - 11:42
Olimpiya komandamızın Londonda geyinəcəyi formalar təqdim olunub - FOTOSESSİYA
2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların geyimlərini hazırlayacaq “Ermanno Scervino” moda evinin rəhbəri Toni Şervino və “London-2012”də Azərbaycan yığmamızın rəhbəri olacaq Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov mətbuat konfransı keçiriblər. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan olimpiyaçılarının Böyük Britaniyada istifadə edəcəkləri idman və gündəlik geyimlərin prototipi nümayiş olunub.

Şervino bildirib ki, Azərbaycanın bayrağı və gerbini özündə əks etdirən bütün geyimlər yüksək keyfiyyətə malik olacaq: “Azərbaycan məni valeh etdi. Çox gözəl şəhəriniz var. Burada olan inkişaf Avropada belə yoxdur. Gəlişimin əsas məqsədi geyimlərin prototipləri ilə bağlıdır. Artıq hər şey razılaşdırılıb və bir neçə xırda dəyişiklik olacaq. Bu geyimlərin materialına və keyfiyyətinə 100 faiz təminat veririk”.

Moda evinin rəhbəri Azərbaycandan nə qədər pul aldıqlarını açıqlamaqdan imtina edib: “Bu, Azərbaycanla ilk işbirliyimizdir. Çalışıb ən yaxşısını edəcəyik. Geyimlər əsasən pambıqdan hazırlanacaq. Xüsusilə də parad paltarları. Lakin kişilərlə müqayisədə qadınlar üçün hazırlanan kostyumlar bir az sıx olacaq. İnanırıq ki, bu geyimlər nəinki Avropada, hətta dünyada da ən yaxşılardan olacaq. Qiymətə gəlincə, bunu açıqlamağa ehtiyac görmürəm. Lakin onu deyə bilərəm ki, geyimlər İtaliya istehsalı olacaq və yüksək keyfiyyətlərə cavab verəcək”.

Şervino deyib ki, onlar bundan öncə də Olimpiya Oyunları üçün geyimlər hazırlayıblar. “Turin-2006”da Rusiya yığmasının geyimlərini məhz “Ermanno Scervino” moda evi tikib.

Mədətov isə zahiri görkəmin yaxşı olmasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib: “Hər bir ölkə Olimpiya Oyunlarında özünü yaxşı tərəfdən göstərməyi planlaşdırır. Təbii ki, ilk növbədə nəticə önəmlidir. Lakin geyimlər də az əhəmiyyət daşımır. Bilirsiniz ki, Olimpiadaların açılış mərasimlərində keçirilən paradda hər ölkə komandasının iri planda televiziya ekranlarında göstərilməsi üçün müəyyən saniyələr ayrılır. Lakin geyimlər fərqlənəndə və yaxşı görünəndə bu müddət bir neçə saniyə artırıla bilər. Bizim Pekin Olimpiadası ilə müqayisədə belə bir dünya səviyyəli modelyerlə işbirliyi qurmağımız “Bakı-2020”yə də hesablanıb. Bununla Olimpiya Oyunlarına iddiamızın təbliğatını da həyata keçiririk. İnanırıq ki, yığmamızın geyimləri Londonda fərqlənəcək və ən yaxşılardan olacaq”.
0