Azərbaycan yığmasının London Olimpiadasına yollanacağı tarix
28.02.2012 - 13:05
Azərbaycan yığmasının London Olimpiadasına yollanacağı tarix
Azərbaycan nümayəndə heyətinin 2012-ci il London Yay Olimpiya Oyunlarına yollanacağı tarix müəyyənləşib. Bu haqda Lent.az-a ölkəmizin şef de-missionu, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov məlumat verib.

Mədətovun sözlərinə görə, ilk qrup Böyük Britaniya paytaxtına iyulun 24-də uçacaq. Həmin qrupun tərkibi geniş olacaq. Burada yarışın ilk günlərində mübarizəyə qoşulacaq idmançılar və iyulun 27-də baş tutacaq açılış mərasimində iştirak edəcək rəsmi şəxslər yer alacaq.

Şef de-mission bildirib ki, əvvəlki olimpiadalardan fərqli olaraq, bu dəfə nümayəndə heyətimizin səfərləri üçün çevik qrafik nəzərdə tutulub. Səbəb Bakı – London marşrutu ilə birbaşa reyslərin olmasıdır. O baxımdan, qalan heyət üzvləri təyyarə reyslərinin uçuş qrafiklərinə uyğun gəldiyi vaxtlarda Londona gedə biləcəklər.

Qeyd edək ki, avqustun 12-dək davam edəcək 2012-ci il London Yay Olimpiya Oyunlarında hələlik 30 idmançımızın çıxış edəcəyi dəqiqləşib.
0