“Mariya Stadnik London Olimpiadasından gümüş medalla qayıdacaq”
13.06.2012 - 11:17
“Mariya Stadnik London Olimpiadasından gümüş medalla qayıdacaq”
Braziliya mətbuatı London-2012-də ayrı-ayrı növlər üzrə medal qazana biləcək idmançılarla bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, növbəti Olimpiadanın təşkilatçıları idmana böyük maraqlarının olmalarını artıq indidən göstərməyə başlayıblar.

Cənubi amerikalılar ayrı-ayrı növlərdə bütün medal dəstlərinin sahiblərinin adlarını da açıqlayıblar. Onlar bunu idmançıların son durumu ilə də əsaslandırıblar. Həmkarlarımız öncə mütəxəssis rəyinə əsasən qadın güləşində medal bölgüsünə toxunublar.

Onların fikrincə, bu idman növündəki 4 dəst medal 10 ölkə təmsilçisinə qismət olacaq. Həmin ölkələr sırasında Azərbaycanı da görən braziliyalılar 2 güləşçimizə 1 medal “veriblər”.

Proqnoza əsasən 48 kq çəki dərəcəsində çıxış edəcək Mariya Stadnik yalnız finalda uduzaraq, ardıcıl 2-ci dəfə Olimpiadadan medalla dönəcək. Braziliyalılar Pekin-2008-in bürünc mükafatçısının yenə qızılsız qalmasını belə əsaslandırıblar: “Yaponiyalı Hitomi Sakamoto 8 dünya titulu qazanıb. Bunlardan 6-sı qeyri-olimpiya çəki dərəcəsi olan 51 kq-da əldə olunub. 2 dəfə indiki çəkisində uğur qazansa da, heç vaxt Olimpiadalarda çıxış etməyib. Çünki 2004 və 2008-ci illərdə möhtəşəm Oyunlardan gümüşlə dönən Çiharu İço bu çəkidə hegemonluq edirdi. Sakamotonun əsas rəqibi son Olimpiya çempionu isə kanadalı Kerol Hyun deyil, axırıncı dünya çempionatının vitse-çempionu Mariya Stadnikdir. O həm də, 2009-cu il dünya çempionudur. Bu 3 idmançı ilə yanaşı, rusiyalı Julduz Eşimova da yarışın favoritlərindəndir”.

Sakamotoya qızıl, Stadnikə gümüş verib, digər 2 favoriti bürüncə layiq bilən braziliyalılar digər təmsilçimiz Yuliya Ratkeviçin çıxış etdiyi 55 kq çəki dərəcəsi ilə bağlı proqnozlarını açıqlayıb. Onlar bu çəkidə yaponiyalını – Saori Yoşidanı çempion görür. Gümüşü Tonya Verbeekə (Kanada) verən mütəxəssislər bu 2 idmançının yarımfinalda Mariya Qurova (Rusiya) və Tatyana Lazerevanı (Ukrayna) məğlub edəcəyini güman edir.

Qeyd edək ki, braziliyalılar 4 çəkidə 3 qızılın Yaponiya, digərinin isə Bolqarıstan yığmasına qismət olacağı qənaətindədirlər. Rusiya və Kanadanın 1 gümüş və 2 bürünc medal qazanacağını iddia edən həmkarlarımız Azərbaycanla yanaşı, Şimali Koreyanın da fəxri kürsünün 2-ci pilləsində 1 güləşçisinin yer alacağı fikrindədirlər. Onların fikrincə, digər 4 bürünc medal Ukrayna, Çin, Macarıstan və ABŞ qazanacaq.
0