Olimpiyaçılarımızdan 15 dəqiqəlik məşq üçün 10 manat aldılar - VİDEO
25.04.2013 - 13:13
Olimpiyaçılarımızdan 15 dəqiqəlik məşq üçün 10 manat aldılar - VİDEO

2014-cü il Soçi Qış Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan fiqurlu konkisürənləri Aleksey Sitnikov və Yuliya Zlobinadan ibarət duet Bakıda pulla məşq edib. Lent.az-ın məlumatına görə, cütlüyün Zabitlər Parkındakı hətta standartlara uyğun olmayan buz meydançasında 15 dəqiqəlik məşqi 10 manata başa gəlib.

Məşq ərzində Sitnikov – Zlobina dueti mahnı sədaları altında buz üzərində müxtəlif rəqslər nümayiş etdiriblər. Onların performansını obyekt əməkdaşları maraqla qarşılayıblar. Lakin tamaşaçılar nəinki şou üçün ödəniş ediblər, əksinə, idmançılardan pul alınıb. Konkisürənlərin xərcini Azərbaycan Konkisürmə Federasiyasının (AKF) vitse-prezidenti Fuad Quliyev çəkib. Quliyev məşqi izləyən Lent.az-ın əməkdaşına “Görürsünüz, olimpiadaya lisenziya qazanan idmançılarımız Bakıda pulla məşq edirlər” deyə şikayətlənib.

Qeyd edək ki, Aleksey Sitnikov – Yuliya Zlobina dueti fiqurlu konkisürmənin idman rəqsləri növündə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına lisenziya qazanıb. Rusiyalı legionerlər Azərbaycanda lazımi məşq şəraitinin olmaması səbəbindən AKF-in vəsaiti hesabına Moskvada hazırlıq keçirlər.

0