Rüfət Dadaşov: Onunla tandemim çox yaxşı alınır - MÜSAHİBƏ
08.10.2013 - 12:49
Rüfət Dadaşov: Onunla tandemim çox yaxşı alınır - MÜSAHİBƏ

Millimizin və Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Rüfət Dadaşov yığmanın bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən açıq məşqindən öncə jurnalistlər önünə çıxıb. Legioner futbolçu apasport.az saytının əməkdaşının suallarına da cavab verib.

- Millinin hazırlıqları və qarşıdakı oyunları ilə bağlı fikirlərinizi bilmək istəyərdik...
- Hazırlıqlar çox yaxşı keçir. Komandanın əhval-ruhiyyəsi müsbətdir. Baş məşqçimiz yaxşı məşq prosesləri keçir. Futbolçular da keçirilən hazırlıqdan məmnundur. Birinci oyun çox çətindir. Çünki bilirik ki, Şimali İrlandiya çox aqressiv komandadır. Ancaq əlimizdən gələni edəcəyik ki, bu görüşdə qələbə qazanaq.

- Sonuncu tur “Kayzerslautern”in U-23 komandasının 2:0 qalib gəlməsində vurduğunuz qol böyük rol oynadı. Bu baxımdan özünüzü necə hiss edirsiniz?
- Son aylarda yaxşı formadayam. Ancaq ötən dəfə də demişəm. Kimin qol vurmasının fərqi yoxdur. Əsas odur ki, 3 xal qazanaq.

- “Ulm 1846” klubu ilə oyunda 79-cu dəqiqədə meydana daxil oldunuz. 1 dəqiqə sonra isə qol vurdunuz. Bu necə baş verdi?
- Meydana girdiyim an rəqib qapısına küncdən zərbə yerinə yetirilməli idi. Həmin standard zərbə zamanı ilk dəfə topa toxundum və bu da qol oldu. Hesabı mən açdım və buna görə çox şadam.

- Sizin üçün Şimali İrlandiya, yoxsa Rusiya ilə oyun vacibdir?
- Hər 2 oyun çox vacibdir. Deməzdim ki, ruslarla görüş daha önəmlidir. Çünki Şimali İrlandiya ilə oyunda söhbət 3 xaldan gedir. Evdəki oyunlarda maksimum xal qazanmaq istəyirik. Şəxsən mən hazırda Şimali İrlandiya ilə qarşılaşmanı fikirləşirəm. Yalnız bu matçdan sonra Rusiya ilə matç haqqında düşünəcəyəm.

- Yığmanın Malta ilə yoldaşlıq oyununda 2 hücumçulu sistemlə çıxış etdik. Rauf Əliyevlə tandeminiz uğurlu alındı. İstərdinizmi, Raufla birgə meydanda olasınız?
- Mən deyərdim ki, onunla tandemim çox yaxşı alınır. Hamı görür ki, biz bir-birimizi yaxşı başa düşürük. Onunla çox gözəl münasibətimiz də var. Sözsüz ki, yenə belə tandemlə oyuna çıxsaq, çox gözəl olar.

- Şimali İrlandiyanın İngiltərə Premyer Liqasında çıxış edən müdafiəçilərinə qarşı oynamaq sizin üçün çox çətin olmayacaq ki?
- Sözsüz ki, onlara qarşı oynamaq asan olmayacaq. Biz bilirik ki, İngiltərə Premyer Liqasında aqressiv futbol oynayırlar. Amma biz onlardan qorxmur və çəkinmirik. Biz öz oyunumuzu nümayiş etdirəcəyik.

Səbuhi TOFİQOĞLU

0