O’Nil: Məqsədimiz Azərbaycanla matçda 3 xal qazanmaqdır
10.10.2013 - 09:34
O’Nil: Məqsədimiz Azərbaycanla matçda 3 xal qazanmaqdır
“Yeganə problemimiz Neyl Makqinnidir. Ancaq qorxulu bir şey yoxdur, sadəcə, onu qorumaq lazımdır. Heyətdə dəyişikliklər olacaq. Lakin bu, Lüksemburqa 2:3 hesablı məğlubiyyətlə bağlı deyil. Bəzi futbolçular klublarında yetərincə oyun keçirmirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nil deyib.

Millimiz sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək. Bakıya səfər ərəfəsində Britaniya mətbuatına danışan rəqib komandanın çalışdırıcısı Azərbaycan və İsrailə qarşı keçirəcəkləri hər iki oyuna ciddi hazırlaşdıqlarını söyləyib: “Lüksemburqa məğlubiyyət bizi məyus edib. Lakin uşaqlar yaxşı əhval-ruhiyyədədirlər və oyunları səbirsizliklə gözləyirlər. Lüksemburq və Portuqaliyaya qarşı keçirdiyimiz görüşləri izləyib, dərindən analiz etmişik. Səhvlərimizi bilirik. Məqsədimiz Azərbaycanla matçda 3 xal qazanmaqdır. Bakıda qələbə qazansaq, İsraillə oyuna daha yaxşı köklənə bilərik”.

O’Nil qeyd edib ki, komandası təcrübəsizdir, lakin yetirmələri beynəlxalq matçlarda çox şey öyrənə bilərlər: “Komandamızın təcrübəsi yetərincə deyil. Lakin onlar Lüksemburqa məğlubiyyətdən dərs çıxarmalıdırlar. Bu, uzun yolda çox şey öyrənəcəklər. Bir çox oyunçularımız üçün bu, yeni təcrübədir. Onlar həm komanda, həm də fərdi şəkildə lazım olanları mənimsəməlidirlər”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu saat 21:00-da başlayacaq.
0