Berti Foqts: 1 qol yetər!
10.10.2013 - 23:02
Berti Foqts: 1 qol yetər!
DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə görüşü millimizin baş məşqçisi Berti Foqtsun bu postda 61-ci oyunu olacaq. Apasport.az saytının məlumatına görə, 6 ildir yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 60 qarşılaşmada komandanın “sükanı arxasında” olub.

Bu görüşlərdə seçməmizin 13 qələbəsi, 28 məğlubiyyəti və 19 heç-heçəsi var.

Foqts 49 qol sevinci yaşayıb. Bu isə o deməkdir ki, sabah “Bakcell Arena”da millimizin vuracağı ilk qol Foqtsun rəhbərliyi altında rəqib qapılarından keçirilən 50-ci top olacaq. Rəqiblər isə millimizin qapıçılarını 85 dəfə məyus edib.

Əvvəlki 60 görüşün 32-si yoxlama matçı olubsa, 28-i seçmə xarakteri daşıyıb. Bu qarşılaşmalarda 3 qələbəsi olan millimizin 8 heç-heçəsi və 17 məğlubiyyəti var. Top fərqində isə də yığmamız geridədir - 18-50.

Qeyd edək ki, Foqtsun yetirmələri 2013-cü ildə 9-cu oyununa çıxacaq. Bu il baş tutan 8 qarşılaşmada 2 qələbə, 5 heç-heçə və yalnız 1 məğlubiyyəti olan millimiz 7 qol vurub və 5-ni buraxıb.

Martın 26-da Portuqaliyaya 0:2 hesabı ilə uduzandan sonra komandamız ardıcıl 4 matçda uduzmur. Bu seriyanı 5-ə çatdırmaq üçün Böyük Britaniya təmsilçisinə uduzmamaq kifayətdir.
0