Mundiala daha 4 vəsiqə rəsmiləşdi
12.10.2013 - 09:12
Mundiala daha 4 vəsiqə rəsmiləşdi
DÇ-2014-ün dünən keçirilən seçmə oyunlarından sonra final mərhələsinin daha 4 iştirakçısı bəlli olub. Apasport.az saytının məlumatına görə, bununla da Braziliyadakı yarışın iştirakçılarından aydınlıq gələnlərin ümumi sayı 14-ə çatıb.

Belə ki, Avropa zonasından növbəti vəsiqələri Belçika, Almaniya və İsveçrə milliləri qazanıb. Onlar son turun nəticəsindən asılı olmayaraq, qrup liderliyini təmin ediblər. Düzdür, Xorvatiyanın qonağı olan Belçika üçün 1 xal da yetərli idi. Lakin onlar bununla kifayətlənməyib, rəqiblərinə 2:1 hesabı ilə qalib gəliblər. Bundestim və Yozef Blatterin həmyerliləri isə müvafiq olaraq, İrlandiya (3:0) və Albaniyanı (2:1) məğlub ediblər.

Meydan sahibi Braziliya və Argentinadan sonra Cənubi Amerikanın daha bir mundial təmsilçisi müəyyənləşib. Çili ilə 3:3 hesabı ilə heç-heçə edən Kolumbiya son oyunu özü üçün formallığa çevirib.

Qeyd edək ki, bu 6 komandadan başqa, İtaliya, Hollandiya Yaponiya, Avstraliya, ABŞ, Kosta-Rika, İran və Cənubi Koreya da mundiala vəsiqə qazanıb.
0