Son sınaq
14.10.2013 - 08:58
Son sınaq
Sabah Avropa zonasında DÇ-2014-ün seçmə mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, F qrupunda mübarizə aparan Azərbaycan milli komandası tsikldə son qarşılaşmasını keçirəcək.

Berti Foqtsun yetirmələri seçmə mərhələni qrupun lideri Rusiya ilə matçla bitirəcək. “Bakcell Arena”da baş tutacaq son sınağına qrupun 4-cüsü kimi çıxacaq yığmamız bu – özü üçün rekord olan mövqeyini qorumağa çalışacaq.

Tarixinin ən yüksək nəticəsinə imza atıb 8 xal toplamağı bacaran almaniyalının yetirmələri bu rekordunu daha da yaxşılaşdırmaq əzmindədir. Mundiala birbaşa vəsiqəni təmin etmək üçün heç-heçə də yetərli olan Rusiya millisindən ən azı 1 xal almaq komandamızı 4-cü pillədə saxlayacaq.

Çünki millimiz heç-heçə etsə, Şimali İrlandiya bizi keçmək üçün İsraili 4 top fərqi ilə udmalıdır. Lüksemburqun bizi arxada qoyması isə onların 12 top fərqli qələbəsi halında mümkün olacaq. Lakin bunların hər ikisi inandırıcı deyil. Bir sözlə, 1 xal komandamızı qrupun 4-cüsü edəcək.

Şimallılar isə hətta uduzmaqla da 1-ci ola bilər. Çünki yığmamızla Portuqaliyanın qələbə qazanacağı halda, hər 2 komandanın əldə etdiyi top fərqinin cəmi 6-dan yuxarı olmalıdır ki, Rusiya 2-ci olsun. Yəni Azərbaycan Rusiyanı 1 qolla yensə, pireneylilərə 5 top da kömək etməyəcək. Onlar bu qələbələrin daha böyük olmasına ümid edə bilər.

Əslində Portuqaliyanın Lüksemburqdan, İsrailin Şimali İrlandiyadan ən azı 1 xal alacağını ehtimal etmək olar. Belə olacağı halda millimiz məğlubiyyətlə də 4-cü olacaq. Lakin müqaviləsi ilin sonunda başa çatacaq Foqts özü üçün sonuncu seçmə matçında da yetirmələrinin uduzmamağına sevinmək istəyir. 2013-cü ildə yalnız 1 dəfə uduzan komandamız məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırmağa çalışacaq.

DÇ-2014-ün seçmə mərhələsi
Avropa zonası, F qrupu
15 oktyabr

22:00. Azərbaycan – Rusiya
Baş hakim: Milorad Maziç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Corceviç
Dördüncü hakim: Boşko Yovanetiç (hamısı Serbiya)
Hakim-inspektor: Ziqfrid Kirxen (Almaniya)
Komissar: Duşan Tittel (Slovakiya)
Bakı. “Bakcell Arena” stadionu

1
Rusiya
9
7
0
2
19-4
21
2
Portuqaliya
9
5
3
1
17-9
18
3
İsrail
9
3
4
2
18-13
13
4
Azərbaycan
9
1
5
3
6-10
8
5
Şimali İrlandiya
9
1
3
5
8-16
6
5
Lüksemburq
9
1
3
5
7-23
6
0