Onuncu qələbənin astanasında
14.10.2013 - 23:00
Onuncu qələbənin astanasında
DÇ-2014-ün seçmə qrup mərhələsində Rusiya ilə oktyabrın 15-də Bakıda keçiriləcək qarşılaşma Azərbaycan millisinin tarixinə 201-ci matç kimi düşəcək. Apasport.az saytının məlumatına görə, ilk matçını 1992-ci il sentyabrın 17-də keçirən yığmamız indiyədək 200 görüş keçirib.

Bu matçlarda 37 qələbə qazanan millimiz 53 dəfə heç-heçə ilə kifayətlənib. Məğlubiyyətsiz 90 oyunu olan komandamız 110 dəfə uduzub. Futbolçularımız millinin oyunlarında 143 dəfə rəqib qapısına yol tapıb. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 343 topun buraxılmasına üzülüb.

Qarşılaşma yığmamızın dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 98-ci oyun olacaq. Avro-1996-nın 1994-cü il sentyabrın 7-də baş tutan Rumıniya ilə səfər oyununda debüt edən komandamız 19 ildə 9 qələbə qazanıb. 10-cu – yubiley qələbəsinin astanasında 18 heç-heçəsi də olan millimiz 70 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısına 47 dəfə yol tapan futbolçularımız 213-nü buraxıblar.

DÇ seçmə mərhələlərində isə 48-ci oyun ərəfəsində komandamızın 4 qələbəsi və 12 heç-heçəsi var. Komandamız indiyədək 31 dəfə məğlub olub. Bu qarşılaşmalarda 18 top vuran millimiz qapısında 84-nü görüb.

Bu görüş millimizin baş məşqçisi Berti Foqtsun postunda 62-ci oyunu olacaq. 6 ildir yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 61 qarşılaşmada komandanın “sükanı arxasında” olub.

Bu görüşlərdə futbolçularımızın 14 qələbəsi, 19 heç-heçəsi və 28 məğlubiyyəti var. Foqts 51 qolun sevincini yaşayıb. Rəqiblər isə millimizin qapıçılarını 85 dəfə məyus edib.

Əvvəlki 61 görüşün 32-si yoxlama matçı olubsa, 29-u seçmə xarakteri daşıyıb. Bu qarşılaşmalarda 4 qələbəsi olan millimizin 8 heç-heçəsi və 17 məğlubiyyəti var. Top fərqində isə də yığmamız geridədir - 20-50.

Qeyd edək ki, Foqtsun yetirmələri 2013-cü ildə 10-cu oyununa çıxacaq. Bu il baş tutan 9 qarşılaşmada 3 qələbə, 5 heç-heçə və yalnız 1 məğlubiyyəti olan millimiz 9 qol vurub və 5-ni buraxıb.

Martın 26-da Portuqaliyaya 0:2 hesabı ilə uduzandan sonra komandamız ardıcıl 5 matçda uduzmur. Bu seriyanı 6-ya çatdırmaq üçün şimallılara uduzmamaq kifayətdir.
0