Yığmamıza xeyri dəyməyən legioner karyerasını bitirdi - FOTO
30.10.2013 - 13:26
Yığmamıza xeyri dəyməyən legioner karyerasını bitirdi - FOTO

Azərbaycan millisinin ağırlıqqaldıranı Veliçko Çolakov karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı milliləşən bolqarıstanlı qərarını əvvəlki kimi güclü olmamağı ilə izah edib.

Afina-2004-ün bürünc mükafatçısı olan çəkili idmançı artıq əvvəlki uğurlarını təkrar edə bilməyəcəyi ilə barışıb. 2003-cü ildə dünya ikincisi və 2004-cü ildə Avropa birincisi olan Çolakov bundan sonra qatılacağı yarışlarda uğursuz çıxış etməkdənsə, karyerasını bitirməyi üstün tutub.

Bundan sonra o, vətənində gənc istedadların yetişməsi üçün çalışacaq. Veliçko artıq özü üçün bir qrup uşaq yığaraq, “Rodopı” klubunda onlara hazırlıq keçməyə başlayıb.

Qeyd edək ki, dopinq səbəbindən 4 illik cəzadan sonra Azərbaycan millisinin heyətində yalnız London Olimpiadasına yollanan 105 kq çəkili atlet burada da zədələndiyindən podiuma çaxa bilməmişdi. O, sonra yenidən Azərbaycana dönmək istəsə də, həmyerlisi olan baş məşqçimiz Zlatan Vanev Çolakovun vaxtının keçdiyini əsas gətirib, buna əngəl olmuşdu.

0