Bakıda Qran-Prinin rəsmi açılış mərasimi keçirildi
06.12.2013 - 18:34
Bakıda Qran-Prinin rəsmi açılış mərasimi keçirildi
Bu gün Bakıda ağırlıqqaldırma üzrə IWF Qran-Prisinin rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, öncə tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb.

İsmayılov digər növlərlə yanaşı, ağırlıqqaldırma növünün də son illər ölkəmizdə inkişaf etdiyini vurğulayıb. İsmayılov növbəti illərdə Bakıda keçiriləcək nüfuzlu yarışları sadalayaraq, Qran-Prinin də belə turnirlərdən biri olduğunu deyib.

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Urso Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərova yarış üçün yaratdığı şəraitə görə minnətdarlıq edib.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayan isə bu yarışı həm də bütün ağırlıqqaldıranların bayramı adlandırıb. O bildirib ki, son 4-5 ildə ağırlıqqaldırma Azərbaycanda ağırlıqqaldırma ən inkişaf edən növlərindəndir. Ayan bundan sonra Qran-Prini Bakıda hər il təşkil edəcəklərini deyib: “Artıq bu barədə gənclər və idman naziri Azad Rəhimovla Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovla razılıq əldə olunub. Mən İWF-yə üzv bütün ölkələr adından AAAF-a və Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq edirəm. Bu Qran-Prini iştirakçıların səviyyəsinə görə, kiçik dünya çempionatı da adlandırmaq olar”.

Daha sonra IWF prezidenti AAAF-a xüsusi hədiyyə və diplom hədiyyə edib. Gənclər və idman naziri Azad Rəhimov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. O, həm də Qran-Prini açıq elan edib.

Qeyd edək ki, İWF Qran-Prisində 24 ölkədən 70 idmançı iştirak edir. Yarışa sabah yekun vurulacaq.
0