“Azərbaycana olimpiya medalı qazanmağa gəlmişəm” - MÜSAHİBƏ
09.12.2013 - 15:51
“Azərbaycana olimpiya medalı qazanmağa gəlmişəm” - MÜSAHİBƏ

Azərbaycan millisinin ağırlıqqaldıran Kristina Yovunun (53 kq) apasport.az saytına müsahibəsi

- Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix – II Beynəlxalq Bakı Kubokunda fəxri kürsünün ən yüksək pilləsinə yüksəldiniz. 2 hərəkətin cəmində 208 kq (95+113) çəkini ram etdiz. Çıxışınızı necə dəyərləndirərdiz?
- Deməzdim ki, mənə o qədər də çətin oldu. Çünki bu yarış dünya və Avropa çempionatı kimi güclü turnir deyil. Həmçinin, ən güclülərin də çoxu yarışa qatılmayıb. Qalib olmaqda elə də çətinlik çəkmədim.

- Bu turnirdə əsas rəqibiniz kim idi? Əgər vardısa, ondan ehtiyat edirdizmi?
- Mən çinli Mo Fenqjiaonu daha güclü sayırdım. Fikirləşirdim ki, onu üstələmək daha çətin olacaq. Lakin asiyalı düşündüyüm qədər də güclü çıxış etmədi. Bu üzdən də qalib olmaqda ciddi çətinlik çəkmədim.

- Gələcək planlarınız barədə nə deyə bilərsiz? Çünki yeni ildən sonra sizi daha ciddi yarışlar gözləyir…
- Bəli, belədir. 2014-cü ildə bizi çox gərgin keçəcək dünya və Avropa çempionatı gözləyir. Bizim üçün daha vacib olanı dünya çempionatıdır. Çünki oradan Rio-de-Janeyro Olimpiadasına yolumuz da başlayacaq. Yəni, xallar hesablanacaq.

- Olimpiya Oyunlarına yollanmaq şansınız barədə nə deyə bilərsiz? Bu, çətin olmayacaq ki?
- Deməzdim çətin olacaq. Bəli, mən Azərbaycana Olimpiadaya vəsiqə və burada da medal qazanmaq üçün gəlmişəm.

0