Nizami Paşayev: 400 min dollara legioner gətirməkdənsə... - MÜSAHİBƏ
26.12.2013 - 16:11
Nizami Paşayev: 400 min dollara legioner gətirməkdənsə... - MÜSAHİBƏ

Ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayevin apasport.az saytına müsahibəsi

- Bir vaxtlar uğurlarınızla daima diqqət mərkəzində olsanız da, son zamanlar demək olar kölgəyə çəkilmisiz. Hazırda nə işlə məşğulsunuz?
- Artıq idmandan uzaqlaşmışam. Heç nə, nə iş?

- Axı, siz yeniyetmələrdən ibarət Azərbaycan millisini çalışdırırdız...
- Bəli, bu komandada baş məşqçi idim, oradan da çıxardılar.

- Buna nə səbəb oldu?
- Bilmirəm. Federasiyadan elə istədilər.

- Bəlkə rəhbərliyi yetirmələrinizin zəif çıxışı qane etməyib?
- Zəif nəticə dedikdə, Avropa birinciliyindən 1 qızıl, 3 gümüş medalla qayıtmışdıq. Bunu zəif hesab etmək olar? 2001-2009-cu ilə, yəni, mən baş məşqçi olana kimi heç yarışlara gedilməyib. Həmin vaxtdan da hər il medal qazanmışıq.

- Amma birdən-birə səbəbsiz olaraq baş məşqçinin işdən çıxarılması da bir qədər inanılmazdır...
- Bunu mənə demirlər.

- Rəhbərliklə yenidən görüşüb, məsələni birgə yoluna qoymaq mümkün deyil?
- İnanmıram. Deyəsən, bütün komandaları böyüklərdən ibarət əsas yığmanın baş məşqçisi Zlatan Vanevə veriblər. Nəzarət də ona tapşırılıb.

- İdmandan uzaqlaşdığınızı dediz. Ümumiyyətlə, bir daha qayıtmaq fikrində deyilsiz?
- Təklif gələndə, işləyəcəyəm.

- Sizin ağırlıqqaldırma klubunuz da olmalı idi...
- Xeyr, hazırda klubum yoxdur. Amma “Neftçi” İdman-Sağlamlıq Mərkəzində məşqçi kimi çalışıram.

- Amma bir qədər öncə idmandan ayrı düşdüyünüzü dediz...
- Ola bilər, fikrimi bir qədər tam çatdıra bilmədim.

- Bəs bu illərdə sizin yetirmələriniz oldumu?
- Yeniyetmələr arasında Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov mənim yetirməmdir. Firudin Quliyevi mən yetişdirmişəm. Bir sözlə, bu gün yığmada nə qədər azərbaycanlı uşaq var mənim yetirmələrimdir. 2009-cu ildə də Quliyevi təlim-məşq toplanışına məhz mən dəvət etmişəm. Firudin həmin vaxt 65 kq-ı birdən, 85 kq-da təkanla qaldırırdı.

- Yəqin Quliyevin bu il Universiadanın qalibi, dünya üçüncüsü olaraq, Gənclər və İdman Nazirliyinin ilin yekunları ilə bağlı açıqladığı “Qızıl onluq”da yer aldığını bilirsiz...
- Bəli, məlumatım var.

- Yeri gəlmişkən, siz həmin tədbirdə də yox idiz...
- Dəvət etməmişdilər. Yerin məhdud olduğunu deyirlər.

- İdmandan getməyinizdə bu da rol oynaya və ya incik sala bilərmi?
- Mən Vətən üçün canımı vermişəm. Dizimdən əməliyyat olunmuşam, süni qığırdaq qoyublar...

- 2013-cü ili necə qiymətləndirirsiz? Sizin üçün nə ilə yadda qaldı?
- Nə ilə yadda qalacaq? İşdən getməyimlə...

- Ağırlıqqaldıranlarımızın nəticələri ilə bağlı nə deyə bilərsiz?
- Bu, onlar üçün yaxşı oldu. Sadəcə, səbəbkar Vanev deyil axı. Həmin idmançıları o yetişdirməyib, necə adına çıxa bilər? Amma indi hamı deyir səbəbkar odur. Quliyev mənim yetirməmdir. 2010-cu ildə yeniyetmələr arasında da Avropa çempionu olub. Mən onu həmin komandaya da verəndə eyni çəkini qaldırırdı. Yoxsa, bolqar sinəsinə döyür ki, mənəm, mən. 400 min dollar verib, legioner gətirirlər. Bundansa, həmin pulu öz idmançılarımıza xərcləsinlər də.

- Xatırlayırsızsa, qaldırdığınız problem 8-10 il öncə təkrarlanmışdı. Sizin podiumlarda “at oynatdığınız” illərdə millinin sabiq baş məşqçiləri Əfsət Əfsətovla Vahid Nəzərov arasında qalmaqal yaşanmışdı. Hər 2 mütəxəssis sizi öz yetirməsi adlandırırdı...
- Mən nə Əfsətovun, nə də Nəzərovun yetirməsi olmuşam. Sadəcə, Əfsətov həmin vaxt millinin baş məşqçisi idi. O da yığma komandaya gələndə mən beynəlxalq dərəcəli idman ustasıydım. Həmçinin, milliyə kimi mən yeniyetmələr və gənclər arasında Avropa çempionu olmuşdum. Yadımdadır, 2003-2005-ci illərdə bu söhbət geniş müzakirə olundu. Ağır atletikada söz-söhbət qurtarır ki?

- O vaxt hamıya qaranlıq qaldı. Bəlkə kimin yetirməsi olduğunuzu indi açıqlayasız?
- Mənim müəllimim Nikifor Nikolayeviç Panaytididir. Məhz, onun da yetirməsiyəm.

- Yeni ildə planınız nə olacaq?
- Nə plan olacaq? Yaşayırıq da öz həyatımızı. Gərək, iş olsun ki, plan qurasan da.

0