Bolqarlar pulu verə bilmədi, Kostova yığmamıza döndü!
06.02.2014 - 11:39
Bolqarlar pulu verə bilmədi, Kostova yığmamıza döndü!

Azərbaycan millisindən imtina edən bolqarıstanlı ağırlıqqaldıranlardan biri yenidən yığmamıza qayıtmağa qərar verib. Apasport.az saytının məlumatına görə, London Olimpiadasında 5-ci olan Boyanka Kostova komandamızdan getmək fikrindən daşınıb.

 

Belə ki, bir müddət əvvələdək Bolqarıstan millisinə dönmək arzusunda olan xanım idmançı artıq Bakıya gəlib. Yığmamızdan birgə getdiyi, həyat yoldaşı İvan Stoitsov və şəxsi məşqçisi Laçezar Kişkilovdan fərqli, vətənində qalmaq istəməyən Boyanka ölkəmizdə yeni çalışdırıcı ilə işləyəcək. Ona hazırlığı baş məşqçi Zlatan Vanevin köməkçisi Slaveyka Rujinski edəcək.

 

Bolqar həmkarlarımızın yazdığına görə, onun fikrindən dönməsinin səbəbi hələ məlum deyil. Böyük ehtimalla, Kostova karyerasını davam etdirmək arzusundadır. Çünki vətəndə qalacağı halda, yığmamızla 2016-cı ilə qədər müqaviləsi olduğundan bir müddət yarışdan kənar qalacaqdı. Bununla yanaşı, Azərbaycan Ağır Atletika Federasiyası Sinqapur-2010-un qalibinin Bolqarıstan adından çıxış etməsi üçün verdiyi 200 min dolları da geri istəyirdi. Lakin bolqarlar bu pulu qaytarmaq iqtidarında olmadığından idmançının karyerası sual altına düşmüşdü.

 

Qeyd edək ki, Kostova və Stoitsovdan fərqli, yığmamızdan gedən Veliçko Çolakov karyerasını rəsmən bitirib.

0