[b]Pula görə Azərbaycana qayıtdı: Hər şey idealdır - MÜSAHİBƏ[/b]
18.02.2014 - 11:11
[b]Pula görə Azərbaycana qayıtdı: Hər şey idealdır - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova Bolqarıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, London Olimpiadasından sonra yığmamızdan imtina edən Sinqapur-2010-un qalibi yenidən ölkəmizə dönüşünün səbəbini açıqlayıb, gələcək karyerasından danışıb.  

 

- Siz niyə Azərbaycana qayıtdınız?

- Fikrimi dəyişdim və qərara gəldim ki, Azərbaycanla müqaviləmi sonadək yerinə yetirim. İvan Stoitsov və Leçezar Kişkilov bu qərarı dəstəklədi. Onlar karyeramda məcburi fasilənin yaranmasını istəmədilər.

 

- Bəs onda Azərbaycan yığmasından niyə ayrılmışdınız?

- Buna şəxsi məşqçim Kişkilovla yığmanın baş məşqçisi Zlatan Vanev arasında anlaşmazlıq səbəb olmuşdu. Mən Kişkilovla hazırlıq keçmək istəyirdim. Lakin artıq hər şey qaydasındadır, onunla birgə Azərbaycana yollanmışam.

 

- Heç kimə sirr deyil ki, Bolqarıstana dönüşünüzdə Stoitsovun da rolu oldu. Çünki onunla aranızda sevgi münasibətləri var...

- Bəli, mən bunu inkar etmirəm. Lakin İvan artıq karyerasını bitirməyə qərar verib. Dizini zədələdiyi üçün vətənə qayıdıb və Bolqarıstanda çalışır.

 

- Bütün bunlardan sonra Vanevlə münasibətləriniz necədir?

- Hazırda baş məşqçimizlə heç bir problemim yoxdur. Əsas hədəfim dünya çempionatına hazırlaşmaqdır.

 

- Bir müddət öncə Stoitsovla birgə Çexiyaya gedib, taxta sexində çalışdığınız bildirilirdi. Buna səbəb nə idi?

- Həmin vəziyyətdə bu çox vacib idi. Azərbaycandan başqa hər hansı bir ölkənin şərəfini qorumağıma 4 illik qadağa qoyula bilərdi. Biz də Bolqarıstandan getdik və 3-4 ay orada yaşadıq. Hansısa fikrə gəlmək üçün təklikdə qalmağımız lazım idi.

 

- Yenidən Azərbaycana pul üçün getdiniz?

- Əlbəttə. Mən Sinqapurda keçirilən Yeniyetmələr Yay Olimpiya Oyunlarında çempion olduqda Bolqarıstanda mənə heç nə vermədilər. Elə indi də Azərbaycandan qayıdanda federasiya məni saxlamaq üçün heç bir addım atmadı.

 

- İndi özünüzü necə hiss edirsiz?

- Çox yaxşı. Yavaş-yavaş bərpa olunuram. Çünki Bolqarıstanda məşq etməmişəm. Apreldəki Avropa çempionatı üçün hazır olmağa çalışacam. Dünya çempionatına isə tam forma yığacam.

 

- Qayıdışınız karyeranızda yeni uğurların başlanğıcı sayıla bilərmi?

- Mən heç vaxt idmandan getmək barədə düşünməmişəm. Sadəcə, cəza ilə üzləşə bilərdim, sonra isə yenə qayıdacaqdım. Amma indi Rio-de-Janeyro Olimpiadasına hazırlaşa bilərəm.

 

- 2016-cı ildə baş tutacaq bu Olimpiadadan sonra Azərbaycanla müqaviləniz bitəcək. Yenidən Bolqarıstan millisinin şərəfini qorumaq istərdiz?

- Bu, bir çox şeylərdən asılı olacaq. Həmin vaxta hələ çox var. İndidən nəsə demək çətindir. Bizim idman növündə çox şey olur. Bu üzdən sonradan nə baş verəcəyini söyləyə bilmərəm. Nəticələrimdən, qazanacağım pullardan da çox şey asılıdır. Amma Azərbaycanda qalmağım mümkündür.

 

- İndiki şəraitiniz necədir?

- Hər şey əla, bir sözlə, idealdır.

 

- Stoitsov da Azərbaycan millisinə qayıdacaqmı?

- Məncə, yox. Bu, Vanevin millini çalışdıracağı müddətdə belə olacaq. Əks halda isə o yenidən mübarizəyə qatılmağa hazırdır.

 

- İlin sonunda dünya çempionatına tam hazır olacağınızı dediz. Bu yarışdan nə gözləyirsiz?

- Hələ heç nə deyə bilmərəm. Hazırlıq prosesinin də necə keçəcəyini də bilmirəm. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq və bərpa dövrünü tez başa vuracam. 

0