İsgəndər Əsgərov: 100 min dollar verilib, yenə istəyir
20.02.2014 - 17:46
İsgəndər Əsgərov: 100 min dollar verilib, yenə istəyir

“O kimdir? Çörəksatan? Qoy, öz işi ilə məşğul olsun. Bu işlər onluq deyil”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib.

 

Qurum rəsmisi azərbaycanlı atlet Nicat Rəhimovun Qazaxıstan millisinin düşərgəsinə yollanmasına münasibət bildirib.

 

Əsgərov Sinqapur Olimpiadasının qalibinin atası Əli Rəhimovun heç bir ittihamla razılaşmayıb. O bildirib ki, bütün bunlar atletin nizam-intizamsızlığı və atasının onu səhv yola çəkməsi sayəsində olub: “Onun atası idmançılardan nə istəyir? Niyə öz uşağını bədbəxt edir? Siz bir medallara diqqət yetirin. Görün, milli baş məşqçi Zlatan Vanevin rəhbərliyi altında nə qədər medal qazanıb... Yəni, nəticələr hamısı göz qabağındadır”.

 

İcraçı-direktor Nicatın atasının “Mənə Gürcüstan yığmasını da məsləhət gördülər” fikrinə etiraz edib: “Mən kimə deyərəm ki, uşağın filan ölkəyə apar. Əksinə, biz bütün dünyanın idmançılarını milliləşdiririk. Öz idmançılarımıza “Gürcüstana getsin” deyəcəm? Bunların hamısını baş məşqçi Zlatan Vanev yaxşı bilir. Məsələn, Kazanda Universiadada səhər saat 10-da podiuma çıxmalıdır, gecə saat 3-də gəlir. Guya, yarışa gəlib, içkili vəziyyətdə. Beləsini baş məşqçi qovmalıdır da. İdmançıda nizam-intizam olmalıdır. Vanev də onu 3 aylıq hazırlıqdan kənarlaşdırmışdı. Yanvarın 1-dən hazırlıqlara qoşulmalı idi. Amma hamısını atası etdi. Baş məşqçimiz nizam-intizamı daima diqqətdə saxlayır. Əgər onun oğlu belədirsə, onu kim başqa yola çəkə bilər?”.

 

Əsgərovun sözlərinə görə, onun nizam-intizamı pozmasında 17 yaşında kifayət qədər yüksək məbləğlə mükafat almasının da rolu olub: “Vaxtı ilə mükafat kimi 100 min dollar verilib, indi də hər yarışdan sonra pul istəyir. Ona görə belədir? Ona dəfələrlə kömək etmişik. Demişik belə etmə, bəsdir, özünü yaxşı apar, təlim-məşqdən qaçma. İndi də uşaq atasının sözündən çıxa bilməz. O nə deyir, Nicat da edir. Bəs hansısa yarışda hansısa hərəkətdə çıxışını başa vura bilmirsə, onda niyə demirdi? Çünki sərf etmirdi”.

 

Federasiya rəsmisi onun başqa məşqçinin rəhbərliyi altında məşq etməsini də məsləhət görüb: “Biz ona dedik ki, Vanevi bəyənmirsizsə, gedin başqa çalışdırıcı ilə hazırlaşın və gəlin ki, bizim uşaq artıq güclüdür. Etmədilər və bu addımı atdılar”.  

 

Qeyd edək ki, Rəhimovun atası Azərbaycan millisində anarxiyanın baş alıb getdiyini bildirib və uşağının tərbiyəsi üçün yığmadan imtina etdiyini deyib. 

0