“Cəzalanandan sonra onun ağıllanacağını düşünürdük, amma...” - MÜSAHİBƏ
21.02.2014 - 00:00
“Cəzalanandan sonra onun ağıllanacağını düşünürdük, amma...” - MÜSAHİBƏ

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin bolqarıstanlı baş məşqçisi Zlatan Vanevin apasport.az saytına müsahibəsi

 

- Sinqapur Olimpiadasının qalibi Nicat Rəhimov yığmamızdan imtina edərək, Qazaxıstan millisini seçib. Baş məşqçi kimi bunun səbəbini nə ilə izah edərdiniz?

- Rəhimov nizam-intizama riayət etmədiyi üçün federasiya onu cəzalandırmağa qərar verdi. Bu, ötən ilin sentyabr-oktyabr aylarında baş vermişdi. Cəzalanandan sonra onun ağıllanacağını düşünürdük, amma... Heç nizam-intizamı yox idi, məşqlərə gəlmirdi. Onu hətta tapa bilmirdik. Universiada vaxtı, yarış öncəsi gecə saat 2-də də otağında yox idi. Federasiya rəhbərliyi də oradaydı, onu axtarırdıq. Bu səbəbdən də ona cəza verdik ki, bəlkə ilin sonuna kimi intizamı qaydasına düşər. Yoxsa, belə idmançı olmaz. Rəhimovu heç kim qovmayıb, sadəcə cəzalandırmışdıq. Bundan sonra atası ilə birgə Gürcüstan və Qazaxıstana getdilər. Amma artıq bu mənim işim deyil, özləri bilərlər.

 

- Rəhimov da saytımıza müsahibəsində sizi ittiham edir. Bu nə dərəcədə düzgündür?

- Onlar məni nədə ittiham edirlər? İntizamı pozduğuna görə? Əgər biri intizamı pozursa, nə etməliyik? Bəlkə ona “yaxşı edirsən, düz edirsən” deməliyik...

 

- İddia edirlər ki, sizin milliyə gəlişinizdən sonra intizam pozulub, düşərgədə anarxiya hökm sürür. Bu da səhvdir?

- Təbii ki... Siz nəticələrə baxın. İdmançılarımızın 90 faizi medal qazanıblar. Beynəlxalq yarışlarda qazanılan medallara görə ağır atletika idman növü Azərbaycanda ön sıralara yüksəlib. Bütün bu iddialar axmaqlıqdır. Demək olar ki, bütün çəkilərdə uğurlarımız var. Ötən il getdiyimiz yarışlara baxın, hamısından medalla dönmüşük.

 

- Siz Rəhimovu İslamiada və Avropa çempionatında heyətə daxil etmədiz. Bu da onların əsas şikayətlərindəndir...

- Mən heç kimi millidən qovmamışam. O, federasiya tərəfindən ilin sonuna kimi komandadan səhvini başa düşmək üçün kənarlaşdırılmışdı.

 

- Bəs cəzası bitdikdən sonra necə oldu?

- 2014-cü ildə yanvarın 5-dən hazırlıqlara start verdik. Düşünürdük ki, Nicat da komandanın düşərgəsinə gələcək. Amma gəlmədi. Bilmirəm, onlar mənə qarşı mübarizə aparırlar, ya neyləyirlər...

 

- Rəhimov sizdən şikayət edən ilk idmançı deyil. Ona kimi həmyerliləriniz, konkret olaraq, İvan Stoitsovla da probleminiz vardı...

- Stoitsovla məsələ başqa cür idi. O, 1,5-2 il burada oldu. Heç bir yarışa qatılmadı. İvanın artıq 31 yaşı vardı. Bəs niyə digər idmançılar nəticə verirlər? Firudin Qurbanov uğur qazanır, Elxan Əliquluzadə inamlı çıxış edir, Avropa çempionu olur. Nicat isə daima nizam-intizamı pozması ilə fərqlənib. Universiada zamanı gecə saat 3-də icraçı-direktor, baş katib və mən onu axtarmağa başlayırıq. Ertəsi gün də gəlib, yarışı boşa verdi.

 

- Bəs onun çəkisində layiqli əvəzedicisi varmı?

- Həmin çəkidə Əliquluzadə hazırlaşır. O, Azərbaycan çempionatında da yaxşı çıxış etdi. İntizamlı, rejimə əməl edən gəncdir. İdmançı da belə olmalıdır.

 

0