Dopinq qalmaqalına reaksiya: Həmin şəxs həbs edilməlidir
19.03.2014 - 15:16
Dopinq qalmaqalına reaksiya: Həmin şəxs həbs edilməlidir

Gənclər və İdman Nazirliyinin “Dopinqə qarşı mübarizə sektoru”nun rəhbəri İradə Rüstəmzadənin apasport.az saytına müsahibəsi

 

- Azərbaycan ağır atletikasında nə baş verir? 5 idmançımızın dopinqdə “ilişməsi” nə dərəcədə realdır?

- Bu barədə hələ dəqiq məlumat yoxdur. Çünki hansısa idmançının pozitiv testindən səs çıxan kimi, ilk sənəd bizə gəlir. Bunun yerli federasiyaya daha öncə gəlməsi qeyri-mümkündür. Amma bizdə hələlik heç bir rəsmi sənəd yoxdur.

 

- Atletlərimizin 2013-cü ildə qazandığı nəticələrinin ləğvi dopinqdə “ilişmə”ləri ilə bağlı olmaya da bilər?

- Bəli. İdmana zidd olan hansısa bir hərəkət zamanı belə hallar baş verir. Buna çox səbəb olan şeylər var. Məsələn, Sinqapurda gördüm ki, çinli idmançı medalı boynundan çıxarıb cibinə qoyduğu üçün diskvalifikasiya edildi.

 

- Rəsmi şəxs kimi, dopinq qalmaqalını şayiə kimi qiymətləndirirsiniz?

- Mənə elə gəlir. Çünki hələ təsdiqlənməyib, rəsmi məlumat almamışıq. Ümumiyyətlə, Ağır Atletika Federasiyası bir az qapalı qurumdur. Bunu həm beynəlxalq, həm də yerli federasiyaya aid etmək olar. Ona görə deyə bilmərəm ki, tam məlumatlıyam və ya kimdənsə belə bir halın baş verməsi ilə bağlı rəsmi məktub almışam.

 

- Rəhbərlik etdiyiniz sektor hər hansı federasiyada dopinqlə bağlı test aparmağa  səlahiyyəti varmı?

- Bəli, ixtiyarımız var, əlaqə saxlaya bilərik. Ancaq Ağır Atletika Federasiyasında bu məsələləri özləri həll edirlər. Biz qarışmırıq.

 

- Səbəb nədir? Onlar nazirliklə niyə birgə işləmək istəmirlər?

- Onların hər işləri bir az qalmaqallıdır. Biz öz işimizi görürük. Amma şəxsən mən onlara çox yaxın getmirəm. Onlar bununla bağlı hansısa müraciət etsələr, sözsüz ki, nazirlik də, idman şöbəsi də hamımız bir yerə toplaşardıq. Yəqin ki, hansısa bir qərara gələrdik. Hansı işi görmək barədə lazımı planımızı qurardıq. Amma belə bir məlumat gəlməyib.

 

- Əgər rəsmi müraciət gələrsə, yenidən B testi veriləcək?

- Bəli. İndi özünüz fikirləşin, mən Ağır Atletika Federasiyasına zəng vurub, həmin idmançıların dopinqdə probleminin olmasını soruşmalıyam?

 

- Aydındır, özləri müraciət etməlidirlər...

- Bəli. Bir daha təkrar edirəm ki, rəsmi məlumat almamışam.

 

- Yəni, bu qalmaqalla bağlı federasiyadan heç kim sizinlə əlaqə saxlamayıb?

- Bilirsiz, laboratoriyadan hansı idmançının pozitiv testindən nəsə çıxan zaman 3 sürətdən ibarət olan sənədin biri WADA-ya, biri beynəlxalq federasiyaya, digəri bizə göndərilir. Yəni, bütün pozitiv testlərdən xəbərimiz olur. Amma bu barədə hansısa sənəd almamışıq. Özü də 2013-cü ilin mayında olmuş yarışla bağlı bu nə qədər düzgündür, nə üçün bu gün diskvalifikasiya edilməsi bir qədər qəribədir.

 

- Əgər medallardan məhrum edilən idmançılarının həqiqətən dopinqdə “ilişməsi” düzgün olarsa, onları hansı cəza gözləyir? Hətta bu atletlər arasında Zülfüqar Süleymanov ikinci dəfə cəzalanacaq...

- İkinci dəfə dopinqdə ilişən ömürlük idmandan kənarlaşdırılır. Onu da bildirim ki, artıq idmançıların cəzalandırılması yerli təşkilatlara həvalə olunub. Əgər dopinqlə bağlı hansısa məlumat gəlsə, əvvəlcə biz onu yoxlamalıyıq. Sonra müəyyənləşdirməliyik ki, həmin atlet qadağan olunmuş maddəni niyə qəbul edib, həmin preparat ölkəyə necə gəlib, idmançıya kim verib, yaxud hansı yollarla onun orqanizminə düşüb. Nəticədə yekun qərar verib, beynəlxalq federasiyaya təklif etməliyik ki, həmin idmançı neçə illik diskvalifikasiya olunmalıdır.

 

- Ağır Atletika Federasiyası ilə hansısa görüş nəzərdə tutmusunuz?

- Sözsüz. Təəssüflər ki, qarşıdakı günlər bayramlara düşür. Bayramdan sonra mütləq qanuni yollarla tədbirlər görüləcək.

 

- Azərbaycan millisindən imtina edən Nicat Rəhimovun atası baş məşqçi Zlatan Vanevin idmançılarımıza dopinq verdiyini açıqlamışdı. O, bu barədə sizinlə söhbət etdiyini də demişdi. Maraqlıdır, bu açıqlamalardan sonra həmin məsələləri araşdırmağa hüququnuz çatırmı?

- Rəsmi, bəli.

 

- Bəs onda həmin vaxt niyə hansısa addım atılmadı? Yoxsa, tədbirlər görüldü?

- Tədbir də görülüb, məlumat da verilib. Məktublar da yazılıb. WADA-ya da məlumat verilib. Yəni, hər bir tədbir görülüb.

 

- Amma Azərbaycan qanunlarına görə bu işdə cinayət məsuliyyəti də nəzərdə tutulur...

- Bəli, 2010-cu il martın 5-də belə bir qanun qəbul olunub. Orada göstərilir ki, həmin şəxs 2 il müddətinə azadlıqdan məhrum olunmalıdır.

 

- Bizdə isə indiyə kimi bir neçə idmançı diskvalifikasiya olunub. Lakin hələlik kimsə nə həbs olunub, nə də bu barədə mətbuata məlumat verilib. Hətta ağırlıqqaldırma üzrə millimizin sabiq baş məşqçisi Yanko Rusevin vaxtında dopinqdə 2 idmançımız “ilişdik”dən sonra bolqarıstanlı mütəxəssis rahat ölkəsinə yollandı.

- Həmin vaxt dərmanların kim tərəfindən verildiyi təsdiqlənmədi. Azadlıqdan məhrum olma isə dərmanı gətirmək, onu idmançıya, azyaşlı uşaqlara verənlər üçün nəzərdə tutulub. Bu, idmançı bilmədən məşqçi ona nəsə verdikdə də tətbiq edilə bilər. Ancaq həmin vaxt bizdə idmançılar özlərinin bunu qəbul etdiklərini bildirirlər və onlar da diskvalifikaya edilmişdilər. Belə olan halda, kimi həbs etmək olar? Artıq idmançı özünü günahkar çıxarıb və öz cəzasını çəkir. Artıq təsdiq olunub ki, dopinq preparatlarının dövriyyəsi narkotik maddələrdən 3 qat çoxdur. Bu gün narkotikada dopinq qədər pul, qazanc əldə edilmir.   

0