Məmmədyarovdan heç-heçə, Anand qalib oldu
29.03.2014 - 19:15
Məmmədyarovdan heç-heçə, Anand qalib oldu

 

Bu gün dünya şahmat tacı uğrunda iddiaçıların turnirində XIII turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə təşkil olunan yarışın sonuncudan əvvəlki turu qalibin adına aydınlıq gətirib.

 

Belə ki, günün son matçında Sergey Karyakinlə heç-heçə edən Vişvanatan Anand 1-ci yeri təmin edib. Sabah baş tutacaq son tur ərəfəsində izləyicilər qrupunu 1,5 xal qabaqlayan hindistanlı XIV turu formallığa çevirib.

 

Liderin ən yazın izləyici olan 5 nəfərlik qrupda yer alan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu dəfə Pyotr Svidlerlə heç-heçə edib. Əlavə göstəricilərə əsasən hələlik 3-cü olan qrossmeysterimiz mövqeyini qorumaq, eyni zamanda 2-ci olmaq şansından yararlanmaq üçün son matçda uğurlu çıxış etməlidir. Sabah ağ fiqurlarla oynayacaq Şəhriyar Vladimir Kramniklə qarşılaşacaq.

 

Qeyd edək ki, Anand noyabrda keçiriləcək dünya çempionu adı uğrunda matçda norveçli Maqnus Karlsenlə görüşmək imkanı qazanıb.

 

29 mart
XIII tur

Dmitri Andreykin (Rusiya) - Levon Aronyan (Ermənistan) – 1:0
Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan) – 0,5:0,5
Pyotr Svidler (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5

Vladimir Kramnik (Rusiya) - Veselin Topalov (Bolqarıstan) – 1:0

 

Turnir cədvəli: Anand – 8 xal; Aronyan, Məmmədyarov, Andreykin, Kramnik, Karyakin – 6,5; Svidler – 6; Topalov – 5,5

 

 

 
0