Azərbaycana daha bir dopinq qadağası: Hakimlərimiz konqresə buraxılmadı
09.04.2014 - 14:46
Azərbaycana daha bir dopinq qadağası: Hakimlərimiz konqresə buraxılmadı

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Vahid Nəzərovla Azad Mustafayev İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Avropa çempionatına və Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Konqresinə buraxılmayıb. Bu barədə Lent.az-a Nəzərovun özü məlumat verib.

 

Onun sözlərinə görə, konqresin keçirildiyi zala daxil olarkən, ölkələr arasında Azərbaycanın adına rast gəlməyib. Halbuki öncədən hər iki hakimimizin adı siyahıda olub: “Mən münsiflər heyətində, Mustafayev isə hakimlər arasında göstərilmişdim. Amma konqres zamanı gördüm ki, Azərbaycanın adını çıxarıblar”.

 

Nəzərov EWF prezidenti Antonio Ursoya və türkiyəli baş katib Həsən Akkuşa yaxınlaşaraq, nə baş verdiyini söruşub. Akkuş isə ondan üzr istəyərək, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidenti Tamaş Ayanın tələbi ilə bu addımı atdıqlarını bildirib. Səbəb kimi dopinq-testdən keçə bilmədikləri üçün 9 ağırlıqqaldıranımızın və Azərbaycan Ağır Atletika Federasiyasının cəzalandırıldığı, eləcə də 500 min dollar cərimələndiyi göstərildi: “Akkuş dedi ki, idmançılarınız və hakimləriniz heç bir beynəlxalq tədbirə qatıla bilməzlər. Bizimlə yanaşı, Ukrayna və Moldovadan olan hakimləri də kənarlaşdırdılar. Ukrayna tərəfi yerindəcə cəriməni ödədiyi üçün konqresə buraxıldı. Moldova hakimləri ilə biz isə kənarda qaldıq. Bizə dedilər ki, aprelin 13-dək qala bilərsiniz. Amma biz biletimizin tarixini dəyişdirərək, vaxtından əvvəl geri qayıtdıq”.

 

Beynəlxalq dərəcəli hakimimiz, həmçinin bildirib ki, 500 min dollar cərimə ödənilməsə, ölkəmiz ağırlıqqaldırma ilə bağlı heç bir tədbirə buraxılmayacaq.

 

Qeyd edək ki, ağırlıqqaldıranlarımızdan 1-i ömürlük, 8-i isə 2 il müddətinə cəzalandırılıb.

0