“Vanev Azərbaycanın ən güclü atletlərini məhv elədi” - MÜSAHİBƏ
15.04.2014 - 17:00
“Vanev Azərbaycanın ən güclü atletlərini məhv elədi” - MÜSAHİBƏ

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin şərəfini qorumaqdan imtina edib, Qazaxıstan yığmasına keçən Nicat Rəhimovun apasport.az saytına müsahibəsi

 

- Bir müddət öncə Qazaxıstan yığmasının düşərgəsinə yollansanız da, Azərbaycan millisini düşdüyü “dopinq burulğanı”ndan siz də yan keçmədiniz. 2 illik diskvalifikasiya qərarını necə qarşıladınız?

- Bu, mənə də pis təsir etdi. Amma bir məqam da var ki, Azərbaycan Ağır Atletika Federasiyası mənə Qazaxıstan yığmasının heyətində yarışa çıxmağa icazə vermirdi. Bu səbəbdən mən Qazaxıstan yığmasının şərəfini 2015-ci ildən qorumalı idim.

 

- Cəzalanacağınızı gözləyirdiniz?

- Dopinqdə “ilişdim”,  ya “ilişmədim”, bu, ciddi fərq etmirdi. Amma belə olacağı heç ağıma belə gəlməzdi.

 

- Dopinqdə “ilişdik”dən sonra Azərbaycandan sizə zəng gəldimi və ya bu məlumatı kimdən aldız?

- Bu barədə məlumatı anam verdi.

 

- Milli komandamızdan imtina edərkən baş məşqçi Zlatan Vanevi günahlandırmışdınız.  Amma bolqarıstanlı mütəxəssisin təklif etdiyi dərmanları qəbul etmədiyinizi bildirmişdiniz. Belə olan halda, istifadəsi qadağan olunan preparatlar orqanizminizə necə düşüb?

- Mən yarışda “ilişməmişəm”. 2013-cü ildə təlim-məşq toplanışında məndən analiz götürmüşdülər. Həmin vaxt da dərmanları bizə Vanev verirdi. Amma bunun testdə nə vaxt müsbət cavab verəcəyini bilmirdi.

 

- Belə çıxır ki, 18 atletimizin cəzalanmasında konkret günahkar Vanevdir?

- O, federasiyadan dərmanlar ucun pul alırdı. Amma gedib Bolqarıstandan vaxtı keçmiş dərmanlar gətirirdi. Məsələn, 70 dollarlıq dərmanları 2 dollara alırdı. Həmçinin, savadsız olduğu üçün bunun nə vaxt müsbət nəticə verəcəyini bilmirdi.

 

- Bəs Vanev həmin preparatları sizə verərkən niyə imtina etmirdiniz?

- Çünki həmin dərmanları qəbul etməsək, məşq keçmək olmur. Yəni bir dərmanı içdiyin zaman nə vaxt bədənindən çıxacağını bilirsən. Biz də bu səbəbdən dərmanları qəbul edirdik. Məndə olan məlumata görə, indi də “yeni komanda yığılmalıdır” deyir.

 

- Bunu Beynəlxalq Ağır Atletika Federasiyası bəyan edib...

- Mən onu demək istərdim ki, o, Azərbaycanın ən güclü atletlərini məhv elədi. Maraqlıdır, daha necə idmançı yığmaq istəyir?

 

- Vanev millimizdən gedəcəyi halda, hər şey qaydasına düşəcək?

- İndi orada vəziyyət necədir? Vanev hələ də baş məşqçidir?

 

- Bu barədə hələlik rəsmi açıqlama yoxdur...

- Onlar hazırda Bolqarıstanda təlim-məşq toplanışındadırlar. Olimpiadaya hazırlaşırlar. Niyə vaxtında millidən getmirdi ki? Mən dopinqlə bağlı öncə məlumat verəndə və “onun Bakıda işləməyinin axırı pis olacaq” deyəndə, inanmırdız. Öncə 5 nəfər dopinqə düşəndə özümə gələ bilmədim. Çox pis olmuşdum. Çünki Vanev bir qırağa, mən həmin uşaqlarla 7-8 il bir yerdə məşq edib, bir yerdə yemək yeyib, bir yerdə yatıb, bir yerdə durmuşuq. Əlbəttə, buna üzülməliyəm. Hələ Zülfüqar Süleymanovun ömürlük cəzalanmasını eşidəndə, əhvalım daha da pozuldu. Süleymanov gözümün qarşısında məşqlərdə necə əziyyət çəkirdi... İnşallah, Vanev yığmadan getsə, o vaxt hər şey yaxşı olacaq. Onun heç nədən başı çıxmır. Uğuru yalnız London-2012-də Valentin Xristovun bürünc medal qazanmasıdır. 

 

- Diskvalifikasiya olunmağınızı Qazaxıstanda necə qarşıladılar?

- Mənə heç kim heç nə demədi. Çünki Qazaxıstanın baş məşqçisi Vanevdən 1000 dəfə yaxşı insandır. Sadəcə, bildirdi ki, “bir hədəf var: 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunları”. Başqa nəsə demədi.

 

- Hazırda Qazaxıstan millisində işləriniz necə gedir? Hazırlığınız nə səviyyədədir?

- Şükür Allaha, hər şey yaxşıdır.

 

- Qazaxıstan vətəndaşlığını qəbul etmisiniz?

- İnşallah, tez bir müddətdə vətəndaşlıq alacam.

 

0