Karlos Kardoso: Finalda “Xəzər Lənkəran”la qarşılaşmaq istəyirik - MÜSAHİBƏ
16.04.2014 - 09:19
Karlos Kardoso: Finalda “Xəzər Lənkəran”la qarşılaşmaq istəyirik - MÜSAHİBƏ

Azərbaycan kubokunun ilk yarımfinal matçında bu gün “Rəvan”la qarşılaşacaq “Neftçi” klubunun braziliyalı müdafiəçisi Karlos Kardosonun apasport.az saytına müsahibəsi

 

- Oyun öncəsi son məşqinizi keçdiniz. Komandada vəziyyət necədir?

- Hamı qələbəyə inanır. Düzdü, meydana tam heyətlə çıxa bilməyəcəyik və buna görə çətin olacağını bilirik. Bəzi futbolçularımız cəzalıdır. Amma onların yerini dolduracaq oyunçularımız da var.

 

- Həftəsonu “İnter”lə çempionat çərçivəsində keçirilən görüşdə məğlub olmağınız hansısa şəkildə hiss olunurmu?

- Təbii ki, yox. Çünki çempionatla kubok oyunları fərqli atmosferdə keçir.

 

- Ehtiyatda yer alan futbolçularınız cəzalı Mahir Şükürovla Erik Ramosun yerini doldura biləcəklər?

- Əlbəttə. Bizim ehtiyatda yaxşı oyunçularımız var. “İnter”lə matçda bəziləri meydanda idilər. Amma onların mövqeyində kimin çıxış edəcəyini bilmirəm.

 

- “Rəvan”ın autsayder olması işinizə nə qədər yarayacaq?

- Rəqib müdafiəyə meylli oynayır. Heyətlərində yaxşı futbolçular da var.  Bununla belə, biz meydana qələbə üçün çıxacağıq.

 

- “Rəvan”ın son oyunlarda heyətini qoruması, hər matçda “Neftçi” ilə keçiriləcək görüşün hazırlığını etdiklərini bildirməsi kuboka böyük ümidlər bağladıqlarını göstərir. Bu amil sizi narahat etmir?

- Hər bir oyun təhlükəlidir. “Rəvan” “Bakı” kimi komandanı mübarizədən kənarlaşdırıb. Ona görə də meydana çıxarkən rəqibinə hörmətlə yanaşmalısan.

 

- Yarımfinal cütlüklərinə diqqət yetirdikdə “Neftçi”nin bəxtinin gətirdiyini düşünənlərin sayı daha çoxdur...

- Kənardakıların bu cür düşünməsi bizim üçün yaxşıdır. Amma biz futbolçular belə düşünməməliyik. Əksinə, rəqibə hörmət etməliyik. Hər bir komanda sürpriz edə bilər.

 

- Kubok görüşlərində doğma meydan amili həlledici rol oynayır. İlk matçı doğma meydana keçirəcəyinizi nəzər alsaq, cütün taleyini “Bakcell Arena”da həll etmək haqda düşünürsünüzmü?

- Bunun üçün şansımız var. Elə məqsədimiz də bundan ibarətdir. Çalışacağıq ki, cütün taleyini ilk oyunda həll edək.

 

- Yarımfinalın digər cütlüyü haqda nə deyə bilərsiniz? Hansı komandanın finala yüksəlməsini istəyirsiniz?

- Həm “Qəbələ”, həm də “Xəzər Lənkəran” iddialı komandadır, heyətlərində güclü futbolçular yer alıb. Maraqlı oyun olacağını düşünürəm. Hansının finala çıxacağını deyə bilmərəm. Amma “Xəzər Lənkəran”la qarşılaşmaq maraqlı olardı.

0