“Qarabağ”ın qapıçısı yalan danışırmış: Şehiç milliyə lazım deyil
16.04.2014 - 14:51
“Qarabağ”ın qapıçısı yalan danışırmış: Şehiç milliyə lazım deyil

Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiçin apasport.az saytına müsahibəsi

 

- Rəhbərlik etdiyiniz komandanın sabiq qapıçısı İbrahim Şehiç Azərbaycanda çıxış edir. Bu futbolçu haqda nəsə bilirsiniz?

- Əlbəttə tanıyıram. Yaxşı oğlan, yaxşı futbolçudur. Onu əvvəl yığmaya çağırmışdıq. Amma Türkiyədə “Mersin İdman Yurdu”nda oynadığı vaxt klubu ilə yaşadığı problemə görə ona dəvət göndərmədik. O vaxtdan bəri milliyə çağırılmayıb. Bununla belə, onu yaxşı xatırlayıram, Azərbaycanda oynadığını bilirəm.

 

- Bosniya və Herseqovina yığmasının üçüncü qapıçıya ehtiyacı olduğu vurğulanır. Bu səbəbdən Şehiçin Braziliyada keçiriləcək dünya çempionatına aparılması nə dərəcədə realdır?

- Bizim 3 qapıçımız var. Yəni, “Stok Siti”də çıxış edən əsas qapıçımız Asmir Beqoviç oynamadığı halda belə, ehtiyatda hələ bu mövqeyə 2 qolkiper şansını gözləyir. Ona görə də İbrahimi dünya çempionatına aparmağı düşünmürəm.

 

- Şehiç şərəfini qoruduğu “Qarabağ” klubunun rəsmi saytına açıqlamasında bildirib ki, qış fasiləsində sizinlə görüşü zamanı ona Braziliyaya aparılmaq ehtimalının olduğunu demisiz...

- Dediyim kimi, ehtiyatda qapıçımız var. Ona görə də hazırda onun milliyə çağırılması mümkün deyil. Bu məsələyə artıq nöqtə qoymaq olar. Çünki onu çağırsaq, digər qapıçılara qarşı haqsızlıq etmiş olarıq. O, komandasında heyətə düşməyəndə bu qapıçılar klublarında əsas heyətdə çıxış edirdi.

 

- Bosniya və Herseqovina yığması mundiala hazırlıqlarını harda keçirəcək?

- ABŞ-da. Ancaq bundan əvvəl ölkəmizdə bir klubla yoxlama matçı keçirəcəyik. Mayın 27-də Fil Dişi Sahili, iyunun 1-də isə Meksika ilə ABŞ-da yoldaşlıq oyunları keçirəcəyik. Braziliyaya məhz bu ölkədən yollanacağıq.

 

- Azərbaycan yığması da ABŞ-da təlim-məşq toplanışı keçəcək. Millimizlə qarşılaşmaq imkanınız var?

- Federasiyalar arasında belə bir danışıqların aparılmasından xəbərim yoxdur. Ancaq indiki duruma görə müqavilə şəklində adını çəkdiyim ölkələrin federasiyaları ilə razılaşmışıq. 2 yoldaşlıq matçı keçirməyi planlaşdırmışıq. Ona görə də Azərbaycanla qarşılaşmaq imkanımız yoxdur.

 

- Sonuncu dəfə millilərimiz 2008-ci ilin iyunun 1-də Zenitsa şəhərində yoldaşlıq oyunu qarşılaşıb. Dünya çempionatından sonra belə bir qarşılaşma keçirmək istəyərdiniz?

- Mən o vaxt millidə deyildim. Bundan 2 il sonra komandanı təhvil götürmüşəm. Yığmanız ilə yoldaşlıq matçı keçirməyimizə gəlincə, təbii ki, sizinlə oynamaq istəyərik. Niyə də olmasın?  

 

Səbuhi TOFİQOĞLU            

0