Ferqyusson çaxır satır
17.04.2014 - 02:17
Ferqyusson çaxır satır

“Mançester Yunayted” futbol klubunun keçmiş baş məşqçisi ser Aleks Ferqyusson çaxır satır. Apasport.az saytının məlumatına görə, onun şəxsi kolleksiyasındakı 5 min butulka çaxır auksiona çıxarılıb.

 

Auksion may ayında Honkonqda keçiriləcək. Çaxır kolleksiyasının dörddə üçü İtaliya və Fransa şərablarından ibarətdir və şotlandiyalı mütəxəssis tərəfindən imzalanan bir neçə xatirə suveniri ilə bir yerdə satılacaq. Kolleksiyanın ilkin qiyməti 5 milyon dollardır.

 

Auksionu keçirən “Christie's” auksion evinin direktoru Devid Elsvud bu çaxırların dəbdə olduğunu və onlara böyük tələbat olacağını vurğulayıb: “Ümid edirik ki, auksion təkcə Ferqyussonun tərəfdarlarını deyil, çaxır həvəskarlarını maraqlandıracaq”.

 

Alqı-satqı 3 mərhələdən ibarət olacaq. Kolleksiyanın 60 faizi mayın 24-də satılacaq, 30 faiz iyunda auksiona çıxarılacaq. Daha 10 faizi isə internetdə satmaq planlaşdırılır.

 

Ferqyusson çaxır kolleksiyasını “Mançester Yunayted”də işlədiyi 1989-2013-cü illərdə toplayıb: “Çaxır futboldan sonra mənim ilk ehtirasıma çevrilib. Futbol məşqçisi işləyən zaman yaşadığın stressdən qurtulmaq üçün nəyəsə marağın olmalıdır”.

 

Qeyd edək ki, Aleks Ferqyusson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. O, ötən mövsüm 13-cü çempionluğunu qazanaraq, postunu tərk edib.

 

 

0