“Xəzər Lənkəran” bizə 4 qol vura bilər” - MÜSAHİBƏ
17.04.2014 - 10:14
“Xəzər Lənkəran” bizə 4 qol vura bilər” - MÜSAHİBƏ

“Qəbələ” klubunun futbolçusu Nizami Hacıyev Azərbaycan kubokunun ilk yarımfinal matçında “Xəzər Lənkəran” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

 - Böyük hesabla qalib gələcəyinizi gözləyirdiniz?

- İlk oyun olduğundan meydana qələbə üçün çıxmışdıq. 3:0 hesablı qələbə yaxşı nəticədir. Avrokuboklara qatılmaq üçün kuboka sahib çıxmaq bizim son şansımızdır. Qələbəyə görə sevinirəm. 2 qol vursam da, bütün komanda əziyyət çəkdi.

 

- 3:0 hesablı qələbə çox güman komandanızı finala daşıyacaq. Bununla razısınız?

- Hələ biz növbəti mərhələyə çıxmamışıq. Bunu indidən demək çətindir. Səfərdə meydana rahat çıxsaq, “Xəzər Lənkəran” bizə 4 qol da vura bilər. Lənkəran səfəri çətin olacaq. Çalışacağıq ki, böyük hesabla uduzmayaq. Amma ən birinci məqsədimiz orda da qalib gəlməkdir.

 

- “Xəzər Lənkəran” bu nəticədən sonra cütün taleyini öz xeyrinə dəyişəcək gücdədir?

- Əlbəttə, rəqib zəif komanda deyil. Lənkəranda evdəki kimi oynamalıyıq. Rahatlaşsaq, rəqib bundan istifadə edəcək.

 

- Çempionatda qol vurmaqda çətinlik çəkirdiniz. Bu gün dubl etmək özünüz üçün də gözlənilməz olmadı ki?

- 8 ay futbol oynamadım. Onun təsiri var idi. Fiziki formamı hələ indi bərpa edirəm. Baş məşqçi mənə çox inanır, çox güvənir. Bütün bunlar mənə ruh verir. Ona görə də daha yaxşı oynamağa çalışacağam.

 

- Kubokda inamlı qələbə çempionat oyunlarına mənfi, yoxsa müsbət təsir edəcək? Mənfi o cəhətdən ki, artıq “Qəbələ” bütün fikrini kuboka yönəldib, çempionatdan tamamilə əl çəkə bilər...

- Çempion olmaq şansımız yoxdur. Düzdü, bizim üçün də çempionat 70 faiz bitib. Amma hələ ilk “üçlüy”ə düşmək şansımız var. Bu səbəbdən mübarizə aparmalıyıq.

 

- Finalda kimi rəqib görmək istərdiniz?

- Hələ heç nə etməmişik. Boş-boş danışmaq olmaz. Kuboku başımızın üzərinə qaldıranda nəsə etdiyimizi deyəcəm. Finalda rəqibin fərqi yoxdur. Hansı komanda olsa, biz kuboku Qəbələyə gətirmək üçün çalışacağıq.

 

ELSEVƏR

0